Rayon camaatına cərimə şoku – Bu da qadağandır?

Rayon camaatına cərimə şoku – Bu da qadağandır?
SOSİAL
15:42 17.08.2026
495
Rayonlardan birində təbii şəkildə bitən böyürtkənləri yığan qadınların cərimələnməsi cəmiyyətdə fikir ayrılığına səbəb olub. 

Hadisə sosial şəbəkələrdə geniş müzakirə edilərkən, bir qisim insan tətbiq olunan cərimələri vətəndaşlardan əlavə ödəniş alınması vasitəsi kimi qiymətləndirib, digər qisim isə tədbiri normal qarşılayıb.

Məsələ ilə bağlı əsas sual isə budur: Vətəndaşın meşədə təbii şəkildə bitən böyürtkən, moruq və digər yabanı meyvələri öz zəhməti ilə yığaraq evinə aparması və ya satması qanunla mümkündürmü, yoxsa bunun üçün xüsusi icazə tələb olunur?

Məsələyə aydınlıq gətirmək üçün Azad İstehlakçılar Birliyinə müraciət etdik.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Birliyin sədri Eyyub Hüseynov bildirib ki, yabanı bitkilərin yığılmasına torpaq sahəsinin mülkiyyətçisindən asılı olaraq məhdudiyyət qoyula bilər:

"Torpağın üç cür sahibi var: dövlət torpaqları, bələdiyyə mülkiyyətində olan torpaqlar və şəxsi istifadə olunan torpaqlar. Bitkilər də bu torpaqların hamısında bitir. Əlbəttə, torpaq sahibi, xüsusən şəxsi torpaqdırsa, yığılmasına məhdudiyyət və ya qadağa qoya bilər. Çünki həmin bitki onun şəxsi ərazisində bitir. Əgər bələdiyyənin həmin torpaqdan marağı varsa, o da müəyyən məhdudiyyət qoya bilər".


E. Hüseynovun sözlərinə görə, yabanı bitkilərin insanlar tərəfindən toplanması tarixən geniş yayılmış təcrübədir:

"Məncə, yabanı bitən bitkiləri bütün tarix boyu insanlar sərbəst yığıb istifadə ediblər. Mən özüm də yabanı bitən bitkiləri yığıb istehlak edən şəxsəm. Lakin qeyd etdiyim kimi, torpaq sahibləri buna məhdudiyyət qoya bilər, çünki həmin bitki onların torpağında bitir. Heç kəsin buna etiraz etməyə haqqı yoxdur".

Birliyin sədri qoruq ərazilərində də yabanı meyvələrin olduğunu qeyd edib:

"Qoruq ərazilərinə insanlar müəyyən ödəniş müqabilində buraxılır. Qoruq ərazilərində də belə yabanı bitkilər çoxdur. Məsələn, mən tez-tez Talıştana gedirəm. Orada külli miqdarda böyürtkən var. O da sərbəstdir, heç kəs böyürtkənin yığılmasına və istehlak edilməsinə qadağa qoymur. Əgər qoruq ərazisində həmin böyürtkəndən nəsə hazırlanırsa və qoruq üçün qanuni istehsal həyata keçirilirsə, onda ola bilsin ki, orada da qadağa qoyula bilər. Lakin mənim dediyim qoruqda tam azaddır".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR