Bu gün dünya futbol ictimaiyyətinin diqqəti İspaniyanın Madrid şəhərinin “Santyaqo Bernabeu” stadionuna yönələcək. ANS PRESS-in məlumatına görə, bu arenada iki əzəli rəqib “Real” və “Barselona” üz-üzə gələcəklər. Dünyanın ən önəmli derbilərindən olan və “El Clasico” adlandırılan futbol şousu Bakı vaxtı ilə gecə saat 01:00-da start götürəcək. Bu qarşılaşma turnir cədvəli baxımından da hər iki klub üçün olduqca əhəmiyyətlidir. Belə ki, “Real” klubu 14 turdan sonra 37 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Barselona” isə 15 oyundan sonra 34 xal toplayaraq ikinci pillədə qərarlaşıb. “Barselona” üzərində qazanılacaq qələbə “Real”a əzəli rəqibi ilə xal fərqini artırmağa kömək edəcək. “Barselona” isə qələbə qazanacağı təqdirdə “Real”la xallarını bərabərləşdirəcək. Qarşılaşmanın əhəmiyyəti hər iki klubun baş məşqçiləri üçün də önəmlidir. Xosep Qvardiola “Barselona”nın baş məşqçisi dönəmində 12-ci dəfə “Real”la üz-üzə gələcək.