"Yaradılış və düşünmə imkanları sonsuzdur. Biz daim daha çox məlumatlar toplayırıq və bu bizim həyatımıza uyğun olmağa başlayır" ( Matias Qrünevald ).
Humanizm ( latın sözü olan humanus- "insani" deməkdir ) prinsipləri əsasında təşəkkül tapmış İntibah incəsənəti, Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü kimi qiymətləndirilir.
Elmi ədəbiyyatda "Renessans" ( fransızca Renaissance- dirçəliş; renaitre- dirçəlmək deməkdir ) dövrü olaraq adlanan bu dövr İtaliyada XIV-XVI əsrlər, digər Avropa ölkələrində isə XV əsrin sonu XVI əsrlərdə bərqərar olmuşdur.
Renessans mədəniyyətinin mühüm xüsusiyyətləri onun dünyəvi xarakter daşımasında, humanist dünyagörüşü, antik mədəni irsə müraciəti və onu sanki "dirçəltməsindədir". Renessans sənətkarlarının universallığı onların memarlıq, heykəltəraşlıq, rəngkarlıqla məşğul olması, öz sənətlərini təkmilləşdirmək üçün ədəbiyyat, poeziya, fəlsəfə, habelə dəqiq elmlərin öyrənilməsi ilə əlaqədardır.
"Bu, bəşəriyyətin o vaxta qədər gördüyü bütün çevrilişlər içərisində ən böyük mütərəqqi bir çevriliş idi, dahilərə ehtiyacı olan, təfəkkür, ehtiras və xarakter cəhətdən, kamillik və alimlik cəhətdən dahilər yetirən bir dövr idi" ( "Təbiətin dialektikası"; F.Engels ).
Şimali Avropa intibahının xüsusiyyətlərini anlamaq üçün Qərbi Avropadakı islahatçılıq istiqamətlərinin xarakteristikası ilə tanış olmaq vacibdir. İslahat hərəkatı Almaniyada başlayaraq tədricən Qərbi Avropa ölkələrinin əksəriyyətinə nüfuz etmişdi. XVI əsrdə katolik təliminə və kilsəsinə qarşı dini mübarizə forması almış antifeodal xarakterli ictimai-siyasi və ideoloji hərəkat olan- reformasiya ( latınca reformatio- dəyişiklik, düzəliş deməkdir ) Qərbi və Mərkəzi Avropa ölkələrinin çoxunu əhatə etmişdi.
Reformasiya ideoloqları öz tələblərinə yeni, lakin yenə də dini təlim forması verməyə çalışırdılar. Onlar Bibliyanı dini biliklərin yeganə mənbəyi sayır, papanın ali rolunu, rahibliyi, bir çox mərasimləri ( o cümlədən təntənəli kilsə mərasimlərini ) inkar edirdilər. Bunlar xüsusilə M. Lüter, U. Svinqli və J. Kalvinin təlimlərində öz parlaq əksini tapırdı.
Reformasiyada müxtəlif siniflər və ictimai qruplar iştirak edir və kilsənin islah olunmasını öz mənafeyinə uyğun şəkildə başa düşürdülər. Reformasiyanın əsas ideya mənbələrindən biri Renessans dövrünün humanist hərəkatı idi.
Humanizm ideyaları Almaniyaya XV əsrin ortalarında nüfuz etməyə başlamışdı. Humanist hərəkatının xüsusiyyətləri katolik kilsəsi və cəmiyyətin siyasi təbəqələrinin əhvali- ruhiyyələri ilə müəyyən olunurdu. İntibah incəsənəti üçün xarakterik olan xüsusiyyətlər XV əsr Almaniya incəsənətində də öz təzahürünü göstərirdi. Lakin İtaliya məktəbləri ilə müqayisədə feodalizmin dərin kök saldığı Almaniya məktəbində sənət formaları bir o qədər də inkişaf etməmişdi.
Almaniya incəsənətində İntibah, İtaliya şəhərlərindən ən azı 100 il gec başlamışdı. Bununla belə XV əsrin II yarısında Almaniya sənətkarları şərtilikdən uzaqlaşmağa və realizm formalarına yaxınlaşmağa çalışırdılar.
XV əsrin sonu XVI əsrin əvvəllərində Almaniyada təsviri sənət hələ də kilsə və onun ikonoqrafiya kateqoriyaları ilə sıx bağlı idi. Bu asılılıqdakı hər hansı bir zəifliyin yeganə əlamətləri sənətin bədii memarlıqdan azad edildiyini və kilsədə ən əhəmiyyətli yerə- qurbangahın üzərində durmasına səbəb olmuşdur. Alman rəssam və heykəltəraşların əksəriyyəti işlərini müəyyən bir şəhər və ya regionla məhdudlaşdırırdılar. Auqsburq, Köln və Nürnberq kimi ən böyük şəhərlərdən yalnız bir neçəsi, bir sənətçiyə dəstək ola bilərdi.
İntibahın heç bir nöqtəsində bir tək alman üslubu yox idi. Bunun əvəzinə zəngin, fərdi, yerli və regional üslub inkişaf etmişdir. İntibah boyunca Alman incəsənəti Şimali Avropanın digər bölgələrində inkişaf edən yeni üslubları əks etdirirdi. Albrext Dürerdən sonra İntibah dövrü Alman incəsənətinin ən görkəmli nümayəndələrindən biri Matias ( Matis ) Qrünevald ( Nithardt və ya Gothardt ) təxminən 1470-1475 – ci illərdə Vürtsburqda anadan olmuşdur. Doğum tarixi bəzi mənbələrdə 1470, bəzilərində isə 1450- ci il kimi qeyd olunur.
Onun ilk tərcümeyi-halını yazmış Joachim von Sandrart (1606-1688 ) rəssamın soyadını Qrünevald olaraq qeyd etmişdir. Lakin bu, sonralar heç bir mənbə tərəfindən təsdiqlənməməsinə baxmayaraq, rəssam bu günə qədər tarixdə məhz bu soyadla tanınmışdır. Gənclik illəri və almış olduğu təhsili ilə əlaqədar heç bir dəqiq məlumat yoxdur.
Alman İntibahının dini mövzuda əsərlər yaratmış rəssamı M. Qrünevald İtaliya incəsənətinin ənənələrindən uzaq olmuşdur. Lakin onun bizə məlum olan əsərlərində ( məs. "İzenheym altarı" ) rəng vəhdəti çox güclüdür.
Rəssamın bütün yaradıcılıq irsindən günümüzə cəmi 10 rəsimi və 35 cızmaları gəlib çatmışdır. Digər işləri İsveçə müharibə üçün gedərkən Baltik Dənizində itkin düşmüşdür. Ehtimala görə, rəssam Reformasiya tərəfdarı olmuş, və 1525-1526 – cı illər Kəndli müharibəsinin iştirakçısı olmuşdur.
O, 1516-cı ildə Kardinal A.Brandenburqun yanında məhkəmə rəssamı vəzifəsində çalışıb. Lakin M. Lüter və Protestant hərəkatına maraq göstərdiyi üçün kardinalın düşmənliyini qazanmış və vəzifəsindən uzaqlaşdırılmışdı. Rəssam qətiyyətlə hərəkatda iştirak etmişdi, hətta onun ölümündən sonra Lüteran kitablar öz mülkiyyəti arasında aşkar edilmişdir.
Həm memar, həm də mühəndis kimi fəaliyyət göstərən rəssam ömrünün son illərini Qalle protestant icmasında məskunlaşıb və orada hidravlik mühəndisi kimi çalışmışdır. Avropa incəsənətinin tarixində Matias Qrünevald ən sirli və müəmmalı yaradıcılığa malik rəssamlardan biridir. O, fəlsəfə, din və ictimai elmləri də yaxşı bilirdi. Qrünevald yaratdığı obrazlarda dövrünün ziddiyyətlərini əks etdirmişdir. Onun yaradıcılığı fiqurların perspektivdə rəngli və ifadəli yerləşdirilməsi ilə fərqlənir.
Əsərlərinin çoxu müasiri A. Dürerə bağlıdır, lakin Dürerdən fərqli olaraq Qrünevaldın yaradıcılığı son orta əsrlər dövrünün ifadəli intensivliyini əks etdirir. Dürerin yaradıcılığına İtaliya İntibahının təsiri güclüdür və hər iki rəssamın üslubları tamamilə fərqlənir.
Almaniyada son orta əsrlər dövrü üçün səciyyəvi olan ifadəli və mistik spirtualizm rəssamın əsərləri üçün xarakterikdir. Məhz bu xüsusiyyətlər bir neçə əsr sonra alman rəssamlarının yaradıcılığını ekspressionizmə cəlb etmişdir. Tədqiqatlar göstərir ki, rəssam öz işlərində monoqram şəklində imzasını qoyurdu "M.G.N" ( Matias Gothardt Nithardt ). İncəsənət tarixində onu Şimal Qotikasının son nümayəndəsi də adlandırırlar.
Yaradıcılığında ümidsizlik motivləri, xəyali mövzular başlıca yer tutur. Əsərlərinə baxdıqca rəssamın bacarığının yüksək səviyyədə olması haqqında xüsusi mühakimə yürütmək olar.
"İsanın təhqir edilməsi", "İzenheym altarı", "Çarmıxaçəkilmə" kimi əsərlərində müqəddəslərin obrazları ilə mistik coşğunluq, orta əsr fantastikası uyuşur. Fransanın Kolmar şəhərindəki Unterlinden muzeyində saxlanılan "İzenheym altarı" rəssamın ən məşhur əsərlərindəndir. Əsər bibliya səhnələrindən götürülmüş mürəkkəb kompozisiyaya malik üç müxtəlif təsvirlərdən ibarət panel üzərində təsvir edilib. Şimal İntibahının dini mövzuda təsvir olunmuş ən görkəmli əsərlərindən sayılır.
"Müqəddəs Erazm ilə Mavrikinin görüşü" tablosunda rəssam, humanist Renessans incəsənəti ruhunda kompozisiya yaratmışdır. Qrünevaldın üslubu ən yaxşı bir rəng və işıq tutma istifadəsi ilə monumental və real olaraq əks olunur.
A. Dürer və H. Holbeyin ilə birlikdə XVI əsrdə Almaniyanın ən usta sənətkarları arasında yer alan Matias Qrünevald XX əsrdə alman ekspressionist rəssamları üçün ilham mənbəyi olmuşdur.
Belə ki, onlar rəssamın estetik gözəlliyə həsrət qalmayan sənətini qəbul edir və onun təsəvvüfünü yüksək qiymətləndirirdilər. Yalnız ekspressionist rəssamlar Qrünevaldın həyatından ilham almadı, tanınmış alman bəstəkarı Paul Hindemith onun "İzenheym altarı" əsəri əsasında Rəssam Matis ( almanca Mathis der Maler ) adlı operasını yazmışdır. Rəssamın tarixi həyatı burada yeddi şəkildə musiqi və səhnə tərtibatı dili ilə danışılır.
Tahirə Nur,
AZXEBER.COM
AZXEBER.COM