Rəşad Məcid: “Ümidvaram ki, İMM internet mediada olan xaosun qarşısını alacaq”

Rəşad Məcid: “Ümidvaram ki, İMM internet mediada olan xaosun qarşısını alacaq”
MEDİA
19:58 12.09.2011
2067

Rəşad Məcid: “Bu adamların hər hansı bir iradları varsa, hesab edirəm ki, Mətbuat Şurasında, jurnalistlərin qurultayında, müxtəlif tədbirlərdə açıqlaya bilərdilər.”

Xəbər verdiyimiz kimi, Azxeber.com və Qaynar.info xəbər portallarının birgə təsisçiliyi ilə Azərbaycanda İnternet Media Mərkəzi yaradılıb.

İMM-ni yaradılması ilə bağlı AZXEBER.COM-a münasibət bildirən tanınmış media mütəxəssisi, 525-ci qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi Rəşad Məcid daha peşəkar və daha səviyyəli işlərin ortaya qoyulması üçün belə mərkəzlərin yaranmasının vacib olduğunu bildirib: “İndi internet həyatımızda əsas rol oynamağa başlayıb. İnformasiyanı da internet vasitəsilə əldə edirik. Çoxsaylı saytlar, portallar fəaliyyət göstərir. İMM-nin də yaradılması yaxşı cəhddir və ümidvaram ki, İMM internet mediada olan qarışıqlığın, xaosun qarşısını almağa yardım edəcək”.  

Rəşad Məcid eyni zamanda Redaktorlar Birliyinin yenidən fəaliyyətini bərpa etməsinə münasibət bildirib: “Redaktorlar Birliyinin yaradılması cəhdi qeyri-ciddi təşəbbüsdür. Redaktorlar Birliyi mətbuatın çətin vaxtlarında olub, müəyyən rol oynayıb və tarixə çevrilib. Bir neçə reket qəzetin rəhbərinin QHT yaratmaq cəhdi uğursuz addımdır. Bu adamların hər hansı bir iradları varsa, hesab edirəmki Mətbuat Şurasında, jurnalistlərin qurultayında, müxtəlif tədbirlərdə açıqlaya bilərdilər. 2003-cü ildə jurnalistlər Mətbuat Şurasını yaradıblar və indiki şəraitdə mən Mətbuat Şurasına alternativ olaraq ciddi bir qurumun yaranmasını gözləmirəm. Vaxtilə belə cəhdlər olmuşdu. Bir neçə qeyri-ciddi reket qəzetlər bu addımı atmağa cəhd etmişdilər. İndi də ola bilər ki, kiminsə nədənsə narazılığı var, incikliyi var belə bir addımı atır. Amma, mən istəməzdim ki, vaxtilə mətbuatımızın həyatında müsbət rol oynamış Redaktorlar Birliyinin adı belə qeyri-ciddi addımlarla korlansın”.

Ülkər Eldarqızı

OXŞAR XƏBƏRLƏR