"Restoranlar, kafelər dolub-daşır, ancaq hələ də kinoteatrları açmırlar"

MƏDƏNİYYƏT
12:40 18.08.2021
953
"İki ilə yaxındır ki, dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası və karantin qadağaları həyatımızın müxtəlif sahələrinə mənfi təsir edir. İncəsənətin bir çox qollarında olduğu kimi həm kino sənətimiz, həm teatr, həm də onlarla bağlı olan və insanlara mədəni zövqünü yüksəltməyə xidmət edən kinoteatrlar, teatrlar, muzeylər bağlı qapılarla heç kimi içəri buraxmır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, restoranlar, kafelər, çayxanalar hər gün dolub-boşalır, amma kinoteatrlara icazə verilmir:

"Bir çox insanlar, incəsənət xadimləri bununla bağlı etirazlarını bildirib. Aidiyyatı dövlət qurumlarına, Operativ Qərərgahın üzvlərinə müraciət edərək kinoteatrların açılması, oradan tamaşaçıların sərbəst istifadəsi ilə əlaqədar xahişlər də ediblər. Hələ ki, Operativ Qərərgah buna icazə vermir. Əslində Azərbaycanda kinoteatrların sayı onsuz da az idi və onlar öz təyinatı üzrə işləmirdilər. Bildiyiniz kimi, bir çox  "Mall”larda və digər mərkəzlərdə kinoteatrlar fəaliyyət göstərirdi. Amma təkcə kinoteatrlar yox, həm də digər xidmətlər də göstərən kinotearlar da var idi. Onlar da, demək olar ki, qapanıb. 

Bunu belə izah edirlər ki, kinoteatrların havalandırma sistemi pisdir, pəncərələri olmayan tikililərdə fəaliyyət göstərir. Bu səbəbdən onları bağladılar və hələ də açmırlar. Baxmayaraq ki, bu tipdə digər xüsusi əyləncə yerləri və s. fəaliyyət göstərir. 

Restoranlar, kafelər, çayxanalar hər gün dolub-boşalır və onların da havalandırma sistemi heç də arzuolunan səviyyədə deyil, yenə də bu qərar dəyişilməz qalır”.

Aydın Xan Əbilov kinoteatrların açılması ilə bağlı təkliflər də irəli sürüb. Qeyd edib ki, tibbi maska və sosial məsafə şərtləri ilə onların fəaliyyətini bərpa etmək olar:

"Azərbaycanda onsuz da kinoteatrlarda nümayiş olunan filmlərə baxanlar həddən artıq az idi. Ümumiyyətlə, əvvəllər də az baxılırdı, indi də də azdır. Televiziya, internet də bu sahəyə ciddi ziyan vurdu. Hazırda da pandemiya, qadağalar kinoterlardan insanların ayağını kəsdi. Amma kütləvi kino nümayişi və ona baxış çox böyük bir mədəniyyət hadisəsidir. Necə ki, teatrlara, muzeylərə gedirlər, eləcə də kinoteatrda da bir yerdə filmlərə baxmaq, onların müzakirəsi sosial mədəniləşməsi prosesi cəmiyyətdə gərginliyi də azaldır”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR