Rəsulzadə ideyasının təhrifi və ya yanlış “yol xəritəsi” ( KÖŞƏ )

Rəsulzadə ideyasının təhrifi və ya yanlış “yol xəritəsi” ( KÖŞƏ )
KÖŞƏ
14:46 03.09.2011
2064
Akif Aşırlı
"Şərq" qəzetinin baş redaktoru

1989-cu ildən bəri Türkiyə və Azərbaycan dövlətlərinin konfederasiyada birləşməsi bir neçə dəfə gündəmə gəlib, ciddi siyasi müzakirələrə səbəb olub. Hər dəfə bu ideyanın tarixi kökləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, müstəqillik simvolu Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarına bağlanır. Tarixi fikir faktdan doğur və əgər belə bir fakt varsa, niyə bizim tarixçilər, bu ideyanı dəstəkləyənlər istinad etdikləri sənədin harda, hansı arxivdə olduğunu, yaxud Rəsulzadənin çap olunmuş hansı əsərindən, kitabından götürüldüyünü demirlər? Çünki ömrünün sonuna qədər müstəqil Azərbaycan uğrunda savaş aparmış böyük mütəfəkkirin, istiqlal ideologiyasının banisinin belə bir ideya irəli sürdüyü haqda ortada hər hansı dəlil, sənəd yoxdur.

Milli mənsubiyyətlərinin şübhə altına alınmasından ehtiyatlanan bir neçə tarixçi alimimiz bunu söyləməkdən çəkinir, bir neçəsi isə mövcud şəraitdə siyasi dividend qazanacağını düşünərək bu ideyanın tarixi köklərindən danışmaq əvəzinə məsələyə öz prizmalarından yanaşırlar.

Bir qisim isə tarixi və hüquqi anlayışların yerini səhv salaraq ilhaqçılıqla konfederasiyanı eyniləşdirir, yaxud bu anlayışların fərqli olduğunu unudurlar. Konfederasiya hüquqi baxımdan iki və ya daha çox dövlətin ortaq dövlət qurması, vahid ana yasaya sahib olmasıdır. İlhaqçılıq isə bir dövlətin və ya onun ərazisinin başqa dövlətə birləşdirilməsi anlamındadır.

Bəs Azərbaycanın Türkiyəyə ilhaqı fikri necə doğdu? Rəsulzadə və onun məsləkdaşları bu məsələdə hansı mövqedə dayanırdı, Türkiyənin siyasi mövqeyi necə idi?

1918-ci ilin iyunun əvvəlində 6 minlik qoşunla Gəncəyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Osmanlı dövlətinin əmrini yerinə yetirirdi. Bu hərbi hərəkat iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında bağlanılmış “Əməkdaşlıq və dostluq” müqaviləsinə uyğun həyata keçirilirdi. Bu müqavilənin şərtinə əsasən, Azərbaycan öz təhlükəsizliyini, torpaq bütünlüyünü qorumaq üçün Osmanlı dövlətindən hərbi yardım ala bilərdi. Rəsulzadənin də imzası olan bu müqavilədə Türkiyə ordusunun saxlanma xərcini Azərbaycan Cümhuriyyəti ödəyirdi.

Həmin dönəm Gəncədə erməni-daşnak birləşmələrinin tərk-silahı ilə Azərbaycanın istiqlal savaşına başlayan Nuru Paşanın ölkənin gərgin ictimai-siyasi vəziyyətini düzgün dəyərləndirmək imkanı məhdud idi. Ona bu işdə böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu siyasi müşavir kimi yardım edirdi. Tiflisdən Gəncəyə köçən və fəaliyyətini davam etdirən Milli Şurada partiyalararası gərginlik vardı. Bolşeviklərin 18 min qoşunla Gəncəyə doğru irəliləməsi və erməni-bolşevik birləşmələrinin Azərbaycan xalqına qarşı soyqırım hərəkətləri bu ixtilafların ortadan qaldırılmasını tələb edirdi.

Tarixdə “16 iyun böhranı” kimi anılan, əslində Azərbaycanın Türkiyəyə ilhaqı tərəfdarlarının hərəkatı kimi qəbul olunan qısamüddətli proses yaşandı. Nuru Paşa hərbçi idi və hərbçi kimi davrandı. Azərbaycanın bütövlüyünün təmini üçün siyasi ixtilafların mərkəzinə çevrilən Milli Şuranın fəaliyyətinin dayandırılmasını lazım bildi.

Bəzən tarixçilərimizin bunu Milli Şuranın ləğvi kimi dəyərləndirməsi də kökündən yanlışdır. Milli Şura fəaliyyətini müvəqqəti dayandıraraq öz səlahiyyətlərini Fətəli xan Xoyski hökumətinə verdi və 1918-ci ilin dekabrın 8-də genişləndirilmiş heyətdə parlament öz işinə başladı.

Azərbaycanın Türkiyəyə birləşdirilməsi ideyası hardan qaynaqlanırdı? Milli Şuranın Gəncədə keçirilən üç yığıncağının protokollarından, cümhuriyyət liderlərinin memuarlarından bəlli olur ki, Azərbaycanın müstəqil dövlət kimi yaşamasının mümkün olmadığına inanan, çıxış yolunu Türkiyəyə birləşməkdə görən milli zənginlər ilhaqın tərəfdarı idilər. Rəsulzadə, Fətəli xan Xoyski, Rəhim bəy Vəkilov, Nəsib bəy Yusifbəyli Türkiyə ilə hərbi-siyasi əməkdaşlığın tərəfdarı olaraq Azərbaycanın müstəqil dövlət kimi inkişafını istəyirdilər. Əsas tələb və məqsədləri də bu idi. Nuru Paşanın müşaviri Əhməd bəy Ağaoğlu ilə danışıqlar da bu məzmunda aparılırdı. Sonda Nuru Paşa cümhuriyyət liderləri ilə razılaşdı, ölkənin daxili siyasətinə qarışmadı, yalnız komandan kimi Qafqaz İslam Ordusunun qələbəsini təmin etdi.

Azərbaycanın istiqlalı üçün 1160 nəfər şəhid verən, 5 ay bolşevik-daşnak və ingilis birləşmələrinə qarşı mübarizə aparan, qardaş yardımı göstərən Türkiyə Azərbaycanın ilhaqına tərəfdar idimi? Xeyr. Heç bir arxiv sənədi, yaxud Türkiyə və Azərbaycan tarixçilərinin çap etdirdiyi elmi əsərlərdə Türkiyənin belə bir siyasətə tərəfdar olduğu haqda hər hansı dəlil yoxdur. Sadəcə, Türkiyənin hərbiyyə naziri Ənvər Paşanın Nuru Paşaya göndərdiyi məktubda yenicə müstəqilliyini elan etmiş Azərbaycan dövlətinin siyasi idarəçiliyi haqqında fərqli düşüncələrini görmək mümkündür. Hərbi vəziyyəti və tarixi şəraiti nəzərə alan Ənvər Paşa Azərbaycanı parlamentli respublika kimi deyil, padşahlıq, yəni prezident üsul-idarəsi ilə idarə olunan dövlət görmək istəyirdi. Birinci Dünya müharibəsinin nəticəsi, Vilson prinsiplərinin ortaya çıxması, milli müqəddəratın təyini ilə bağlı deklarasiyalar sonda Ənvər Paşanın Azərbaycanın müstəqilliyinin təmini üçün bütün vasitələrdən yararlanmağa çalışmasına səbəb oldu.

1918-ci ilin noyabrın 17-də müttəfiq qoşunların komandanı kimi Tomsonun Bakıya gəlməsi və Azərbaycan Cümhuriyyəti üçün yeni siyasi şəraitin yaranması obyektivlik baxımından Türkiyə-Azərbaycan konfederasiyası ideyasını gündəmə gətirməyi mümkünsüz etdi. İngilislər 1919-cu ilin ortalarınadək Azərbaycanda qaldı.

Bir məsələ də var ki, Türkiyə 1918-ci ilin mayında keçirilən Batum konfransında Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqil dövlət kimi yaşamağına öz imzasını qoymuşdu. Ermənistanın ilk baş naziri Kaçazunin tarixdə heç vaxt öz dövləti olmayan ermənilərin dövlətə sahib olmalarından dolayı Türkiyəyə minnətdar olmalarını yazırdı. Hər üç dövlət bolşevikləşəndən sonra da Türkiyə öz siyasətini davam etdirdi, Sovet Rusiyasının hegemonluq iddiasına baxmayaraq onlarla ayrı-ayrılıqda müqavilə imzaladı.

Zənnimizcə, Azərbaycan-Türkiyə konfederasiyasını “Qafqaz evi”, yaxud “Qafqaz konfederasiyası” ideyası ilə qarışdıranlar var. Əslində bu ideya 1921-ci ildə hər üç respublika bolşevikləşəndən sonra meydana çıxıb. Qafqaz respublikaları öz müstəqilliklərini itirdikdən sonra Parisdə olan siyasi mühacirlər “Qafqaz konfederasiyası” ideyasına tərəfdar oldular. Mühacirətdə olan Ceyhun bəy Hacıbəyli hər üç cümhuriyyətin işğalının əsas səbəblərindən biri kimi bu respublikalar arasında Qafqaz birliyinin olmamasında və yersiz ərazi iddialarına düşmələrində görürdü.

“Qafqaz birliyi”nin əsas müəllifi Əlimərdan bəy Topçubaşov idi. Topçubaşovun təşəbbüsü ilə 1921-ci ilin mayın 8-də qafqazlı mühacirlər Azərbaycan Cümhuriyyətinin Paris nümayəndəliyinə yığışaraq “Qafqaz konfederasiyası”nı müzakirə etdilər və beləliklə Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistan nümayəndə heyətləri arasında müştərək saziş imzalandı. Bolşevizmin Avropada yayılmasının qarşısını almaq üçün Fransa, İngiltərə kimi nəhəng güclər “Qafqaz konfederasiyası”nı müdafiə etdi və bu yöndə aktiv fəaliyyət üçün mühacir liderlərə para ayırdı.

Topçubaşov Türkiyənin də bu ideyanı dəstəklədiyini, böyük güclərin Türkiyəyə qarşı siyasətini dəyişmə tələbi Fransanı, İngiltərəni, Yunanıstanı və Ermənistanı narazı saldı. Erməni məkri işə düşdü və bu ideya elə fikir olaraq qaldı. Rəsulzadə 1922-ci ildə Türkiyəyə mühacirət edəndən sonra “Qafqaz konfederasiyası” yenidən müzakirəyə gətirildi və hətta 1925-ci ilə qədər Mustafa Kamal Atatürk bu birliyin yaranması üçün qafqazlı mühacirlərə gizlin maliyyə və təşkilati dəstəyi təmin etdi. Sovet Rusiyası-Türkiyə yaxınlaşması və Kreml bolşeviklərinin ciddi tələbləri Atatürkün bu fikrinin yaşam qazanmasını əngəllədi.

Tarixi fakt və sənədlərdən bəlli olur ki, bu gün Türkiyə və Azərbaycana konfederasiya təklif edən Gürcüstan dövlətinin sələfləri olan menşeviklər bu ideyanın həyata keçirilməsində və müstəqilliyin bərpasında daha səmimi idilər. Ermənilərin isə hər vaxt olduğu kimi başları “Böyük Ermənistan” xülyasına qarışaraq reallığa söykənməyən tələblər səsləndirirdilər.

***

Tarix 1992-ci ildə yenidən təkrar olundu. Milli azadlıq hərəkatının lideri, prezident Əbülfəz Elçibəy Qafqazda Rusiyanın törətdiyi iğtişaşları, etnik qarşıdurmaları aradan qaldırmaq, müstəqilliyini bərpa etmiş Qafqaz respublikaları arasında münasibətləri qaydaya salmaq üçün “Qafqaz evi” ideyasını gündəmə gətirdi. O dönəmlərin mətbuatını səhifələmək yetərlidir ki, bu ideyanın aktuallığı aydın olsun. Elçibəy “Qafqaz evi”nin əsas təşəbbüskarı kimi Şimali Qafqaz xalqlarının da birlikdə yer almasını istəyirdi. Dövlət müşavirləri Hidayət Orucov, Arif Hacılı, şeyxülislam Allahşükür Paşazadə Gürcüstana, Şimali Qafqaza səfərlər etdi, bu yöndə konfranslar, tədbirlər keçirildi. İdeyanın aparıcı simalarından biri də Çeçenistanın prezidenti Cövhər Dudayev idi. Bölgədə Rusiya təsirinin azaldılması üçün strateji plan kimi nəzərdə tutulan “Qafqaz evi” fikrinin əsas dəstəkçisi Amerika Birləşmiş Ştatları olduğu şəksizdir.

Sovet Rusiyasının dağılmasından sonra bölgəyə səfər edən ABŞ dövlət katibi Beyker və məşhur ideoloq Bzejinski hər üç respublikanın hakimiyyətə gəlməyə hazırlaşan müxalif siyasi qüvvələrinə belə bir birliyin yaradılmasını tövsiyə etməsi də proseslərə aktiv təkan verdi.

Ancaq gərgin ictimai-siyasi, hərbi vəziyyətin fonunda “Qafqaz evi”nin qurulması mümkünləşmədi.

Sabiq baş nazir Pənah Hüseynin və Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin İctimai Palatada “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”nin müzakirəsi zamanı yenidən bu ideyanın gündəmə gətirmələri müsbət haldır. Sadəcə, tarixin təhrifi bu qeydləri etməyimə əsas verdiyindən Rəsulzadənin, Topçubaşovun “Qafqaz konfederasiyası” ideyasının Türkiyə-Azərbaycan konfederasiyası şəklində cəmiyyətə təqdimatındakı elmi-tarixi boşluqlara diqqət yetirməyə çalışdım.

Cənubi Qafqazda Rusiya siyasətindən əziyyət çəkən, torpaq itirib sərhəd bütünlüyü pozulan Gürcüstan və Azərbaycanın konfederasiyası üzərində düşünməyə dəyər. Türkiyə beynəlxalq güc olmaq etibarilə belə bir birliyin yaranmasına öz töhvələrini vermək iqtidarındadır. Politoloq Vəfa Quluzadənin və sabiq millət vəkili Gültəkin Hacıbəylinin Türkiyə-Azərbaycan konfederasiyasının Qarabağ probleminin çözümü üçün ən optimal yol olması fikirləri ciddi təhlilə, məntiqə əsaslanır. Ancaq bu birlik ideyasını 1990-cı ildən sonra Rusiya və İranın bölgədə neqativ siyasətinə qarşı mövcud şəraitin diktə etdiyi unudulmamalı, tarix olduğu kimi qəbul olunmalı və təhrifə uğramamalıdır.

OXŞAR XƏBƏRLƏR