Birləşmiş Ştatlar Rusiya strateji aviasiyasının təyyarələrinin məhv edilməsinə cavab olaraq Ukraynaya daha genişmiqyaslı atəş açılmasını istisna etmir, Təhlükəsizlik Xidmətinin infrastrukturu zərbə altına düşə bilər.
Bu barədə "Reuters” agentliyi amerikalı rəsmilərə istinadən yazıb.
Onların qiymətləndirmələrinə görə, Rusiya ötən həftə sonu baş vermiş onun aviabazalarına PUA-larla hücuma tam cavab verməyib. İddia olunur ki, Kreml yaxın vaxtlarda genişmiqyaslı çoxşaxəli zərbə hazırlayır.
Agentliyin mənbələrindən biri qeyd edib ki, hücumun dəqiq vaxtı bəlli deyil, lakin bu, yaxın günlərdə baş verə bilər. Digər rəsmi şəxs dəqiqləşdirib ki, cavab müxtəlif hava hücumu vasitələrini, o cümlədən raketləri və dronları nəzərdə tutacaq.
Digər mənbə qeyd edib ki, söhbət Moskvanın "asimmetrik” cavabından gedir. Yəni bu, Ukrayna Təhlükəsizlik Xidmətinin dronlarla Rusiya təyyarələrinə vurduğu zərbə ilə müqayisə edilə bilməz. Qərb diplomatlarından biri vurğulayıb ki, Rusiya, ehtimal ki, gələcək zərbələrini Kiyevə aydın mesaj göndərmək üçün simvolik hədəflərə, xüsusilə də hökumət binalarına yönəldəcək.
Digər yüksəkrütbəli diplomat hücumun "kütləvi, amansız və fasiləsiz” olacağını gözləyir. Rusiyanın və Ukraynın Vaşinqtondakı səfirlikləri, eləcə də Ağ ev bu barədə agentliyə şərh verməkdən imtina ediblər.
Xatırladaq ki, iyunun 1-də Rusiya Müdafiə Nazirliyi Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara Ukrayna FPV-dronlarının hücumları barədə məlumat vermişdi.
Bu, Rusiya ərazisinin dərinliyindəki hərbi infrastruktura ən böyük hücum olub.
///Report