Odrina Kardenas dünyada nadir xəstəliklərdən biri sayılan sindromla doğulmuşdu.
Onun kiçik ürəyi döş qəfəsində yox, sinəsindən çöldə döyünürdü.
Ürəyi çöldə doğulan uşaqlar, demək olar ki, sağ qalmırlar. Lakin həkimlər ağır cərrahiyyə əməliyyatı apararaq onu xilas etdilər.
Odrinanın vəziyyəti indi yaxşıdır. Lakin o, həyatının sonunadək mütəmadi müayinə olunmalıdır.
Hər 8 milyon insandan birində rast gəlinən bu anomaliya ilə doğulan uşaqların total əksəriyyəti anadan olandan sonrakı bir neçə gün ərzində vəfat edirlər.
Odrina yaşayır.
ABŞ-ın Texas ştatının Hyuston şəhərində doğulmuş Odrinanın anası Eşlinin dediyinə görə, qızının sağ qalmasına görə Texas Children’s Hospital-ın cərrahlarına ömrünün sonunadək minnətdar olacaq.
"Ectopia Cordis" diaqnozu ilə doğulmuş Odrinanın xəstəliyindən anası hamiləliyin 16-cı həftəsində, ultrasəs müayinəsi zamanı xəbər tutmuşdu.
Eşli Kardenasın dediyinə görə, həkimlər problemin üç həll variantı olduğunu demişdilər.
"Onlar söylədilər ki, ilk variant hamiləliyi yarımçıq dayandırmaq və abortdur. İkinci yol hamiləliyi sonadək davam etdirməkdir və bu zaman bətnimdəki qızım ölü doğula bilərdi. Üçüncü variant isə qızımı doğandan sonra onun sinəsində deşik açılması və ürəyi içəri salmaq üçün yer hazırlanmasıydı. Çox çətin seçimdi. Amma hamiləliyin yarımçıq başa çatdırılması, abortla əsla razılaşmadım. Beləcə, Odrina doğuldu", - Eşli söyləyib.
Uşaq kardioloqu Kerolayn Altmanın dediyinə görə, Odrinanın vəziyyəti indi normaldır: "Onda ürəkdə əlavə fəsadlar və ya orqanizmdə əlavə stress yarada biləcək problemlər, yaxud da sindromlar yoxdur. Odrinanın gələcəyi qeyri-müəyyən olsa da, indi vəziyyəti yaxşıdır".
//milli.az