Araşdrma
Böyük kütlələrin həyatına, yaşam tərzinə, onların düşüncələrinə çox ciddi təsir etmək gücündə olan mavi ekran. Həyatımızda ehtiyac duyduğumuz müasir dövrün təsir edici güclərindən biri. Evlərimizə hər an müdaxilə edən səsli qutu. Ondan həyatımıza boylanan bir-birindən fərqli çoxsaylı verilişlər, proqramlar biz istəsək də, istəməsək də, ömrümüzün, yaşamımızın ayrılmaz bir parçasına çevrilib.
Axşamlar ekran qarşısında əyləşən bizlər görüntülərdən evlərimizə qonaq gələnlərlə həmsöhbət oluruq. Hərdən gülür, hərdən əsəbiləşir, hərdənsə danışanlara qəzəblənir, onların fikirlərinə sərt şəkildə etiraz edirik. Bəzən də hisslərimizi sirli-sehrli qutunu söndürməklə biruzə veririk.
Efir danışır, güldürür, əyləndirir, ağladır, düşündürür, qəzəbləndirir, yol göstərir, maarifləndirir və ilaxır…
Amma sonuncu qeyd etdiyimiz təsir gücü ekranlarda son zamanlar çox azalıb. Və sıradan çıxmaq üzrədir. Əslində, efirin əsas missiyası, gördüyü bütün işlərdə məqsədi, qayəsi bu olmalıdır. Çox təəssüflə qeyd edirik ki, bu günümüzün televiziyaları, insanlara qəzəb, kin, hiddət, aqressiya, qorxu, əxlaqsızlıq, bayağı həyat tərzinə meyllilik, şiddət, nifrət aşılamaqla məşğuldur.
Bir çox hallarda bu kimi iradlar səsləndiriləndə televiziya rəhbərlərinin mövqeyi belə olur ki, bu bir biznes sahəsidir və biz pul qazanırıq. Qazanın, halalınız olsun.Amma bir az insaf da yaxşı şeydir.
Efir ekranında hansı verilişin yayınlanmasından asılı olmayaraq strateji sahədir. Çünki informasiya daşıyıcısı və eyni zamanda, ötürücüsüdür. Onun cəmiyyətə etdiyi təsirlər digər bənzər qurumların edəcəyindən qat-qat çoxdur. Bu səbəblərdən efirin imkanlarından cəmiyyətimizə, millətimizə daha çox neqativ yanlardan deyil, pozitiv tərəflərindən yararlanmaq, faydalanmaq, istifadə etmək lazımdır məncə. Pul hər zaman var. Olub da, olacaq da. Narahat olmayın.
Azərbaycanda televiziyaların sırasında dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya da var. Bir qədər yaddaşları təzələyək və bu qurumun rəsmi sənədlərdə olan missiyasını xatırlayaq.
Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. İTV 2005-ci il avqustun 29-da yayıma başlayıb. Qurumun ictimai yayımına cəmiyyət müvafiq kollegial orqanlar vasitəsilə nəzarət edilir. Azərbaycan cəmiyyətinin İctimai Televiziyaya belə nəzarət mexanizmi “İctimai Televiziya və Radio Yayımları haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapıb. Həmin qanuna uyğun olaraq bütün sosial qrupların maraqlarını təmin etmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Milli Elmlər Akademiyası, Mətbuat Şurası, Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarının nümayəndələrindən ibarət Yayım Şurası yaradılıb. Yayım Şurasının üzvləri alternativ əsaslarla Azərbaycan Parlamenti tərəfindən təsdiq edilir.
Yayım Şurasının üzvləri müxtəlif ictimai təşkilatları, cəmiyyətin fərqli təbəqələrini təmsil edirlər. Nəticədə ölkədə ictimai yayıma cəmiyyətin nəzarəti təmin edilir. Nəzərə alsaq ki, Yayım Şurasının üzvləri rotasiya olunur, təmsilçilik sırasına yeni ictimai təşkilatların nümayəndələri də cəlb edilir, onda ölkənin yayım siyasətinin şəffaflığı və demokratikliyi barədə təsəvvür daha da dolğunlaşar.
Dünyada ictimai yayımla məşğul olan teleradio şirkətlərinin maliyyələşdirilməsi vacib şərtlərdəndir. Maliyyələşmə məsələsi də qanunla tənzimlənir və kanalın hər hansı kommersiya maraqlarına tabe edilməsinin qarşısı alınır. Azərbaycan qanunvericiliyi İctimai Televiziyanın maliyyə məsələsini də tamamilə şəffaf tənzimləyir. İctimai yayım şirkətinin məzmunu, onun proqram siyasəti obyektiv, tərəfsiz və qərəzsiz informasiyaya əsaslanmalı, geniş əhali kütləsinin maraqlarını təmin etməyə istiqamətlənməlidir.
İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. İctimai Televiziyanın bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.
Bu, qanunvericiliyin tələbidir.
İndi isə keçək mətləbə. İctimai Televizyanın nizamnaməsinə uyğun olaraq, qurum cəmiyyəti narahat edən ciddi problemlərlə bağlı maddi maraq güdmədən efirində maarifləndirici verilişlər hazırlamalıdır. Bundan başqa, qurum reklam blokunda eyni amaclı sosial problemlərə həsr olunmuş çarxlar yayımlamalıdır. Cəmiyyəti narahat edən çoxsaylı sosial problemlər, məsələlər var ki, bəzən bu problemlərə qarşı mübarizə aparmaq üçün təbliğat aparmalı olan qurumlar maliyyə çətinlikləri ilə qarşılaşırlar. Bu hallarda İTV insanların müraciət edəcəyi ünvandır. Amma biz bunu efirdə görürükmü? Xeyr. Niyə? Zəhmət olmasa, dostlar, zamanınız olduğunda Sizlərə ünvanladığımız bu sualın da cavabını verməyi unutmayın...
Təəssüflə qeyd edirik ki, bu gün fəaliyyət göstərən televiziyalar fəaliyyətlərini sadaladığımız bu məsələlərdən çox uzaq tuturlar. Efirlərdə bayağı, şou-bizneslə bağlı verilişlər tüğyan edir. Bu məsələlərə ayrıca məlumat blokları həsr edilir və sair...
Efirlərdə yayımlanan verilişlərə hər kəs baxır. Savadlısı da, savadsızı da. Alimi də, çörəyi daşdan, torpaqdan çıxanı da. Yəni, bu o deməkdir ki, televiziyalar verilişlərini hazırlayanda bütün xalqı nəzərə almalıdırlar. Yoxsa 3-5 adamın qaşı-gözü, paltarlarının parçası və ya ətəyinin uzunluğunun santimetri, sürdüyü avtomobilin təkəri, yaxud da geyindiyi ayaqqabısının hündürlüyünün ölçüsü....Bu məsələlərdən danışanda belə ikrah doğurur. Verilişi hazırlayan, onlara sifariş verənlərin yadına salmaq istəyirik ki, bizim kimi onların da övladları, yaxınları, ailə üzvləri bu verilişlərə baxırlar, izləyirlər. O proqramlarda səsləndirilən fikirləri bizim kimi onların da kiçik yaşlı uşaqları da dinləyirlər. Dolayısı ilə də olsa, anlamağa çalışın, zəhmət olmasa.
Televiziyalarla bağlı bir məqamı da qeyd etmədən keçməyə bilmirik. Efirlərdə verilişlərin aparıcılarının həddən artıq aqressiv olmaları. Verilişlərin yayımını izlərkən bu çox aydın sezilir. Verilişlərin yayımı zamanı özlərini sanki akademik zənn edən aparıcılar ekranların milyonlarla tamaşaçısının olduğunu unudaraq səs tonlarına diqqət etmirlər, danışarkən seçdikləri ifadələrə, sözlərə həssaslıqla yanaşmırlar, bir çox hallarda isə demək olar ki, yalnız özləri danışırlar, qonaqlarına ağızlarını açmağa imkan vermirlər.
Bu da efirlərimizin daha bir problemi...
Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri Toğrul Məmmədov bayağı şou verilişləri ilə gündəmi zəbt edən televiziyalara müntəzəm olaraq edilən tövsiyyələrin nəticəsiz qaldığını bildirib.
Məmmədov deyib ki, Televiziya Radio Yayımı Haqqında Qanunun 2-ci maddəsinə əsasən hər bir yayımçı yaradıcı peşə müstəqilliyi əsasında yayımı həyata keçirir: "Buna görə də Milli Televiziya və Radio Şurası yayımçıların yaradıcılıq məsələlərinə qarışa bilməz. Biz onlara göstəriş verə bilmərik ki, siz şou məzmunlu verilişi məcburi azaldın və ya şou verməyin. Ona görə də biz telekanallara tövsiyyə veririk.Telekanallar da bundan nəticə çıxarmalıdır".
Onun sözlərinə görə, təəssüf ki, telekanallar reytinq gətirən verilişlərə üstünlük verirlər: "Buna da səbəb onların daha çox reytinq şirkətləri ilə işləməsidir. Telekanallar da qeyd edir ki, bu günkü gündə şou məzmunlu verilişlərin reytinqi daha çoxdur".
MTRŞ rəsmisinin fikrincə, qanunveriricilikdə bununla bağlı hər hanslı bir dəyişiklik olarsa və nəticədə MTRŞ-ın bu məsələdə səlahiyyətləri artırlarsa, şou verilişlərinin sayını azaldıb, mədəni-maarifçilik verilişlərinin artırılması göstərişini vermək olar: "İndiki halda isə bizim televiziyalara müdaxilə edib qadağa qoymağa səlahiyyətimiz yoxdur".
İstənilən cəmiyyətlərdə bütün təsisatlar formalaşdırılanda onlara nəzarət mexanizmi də formalaşmalıdır. Bu nəzarət formulasının olmaması o deməkdir ki, kimsə iş görür, özü də bunu əndazələri aşaraq görür, neqativ problemlər yaradırlar cəmiyyətdə, sonra da ortaya məsələ çıxır ki, bəs nə var, nə var, bizim bu təsisatlara təsir etmək imkanlarımız, səlahiyyətlərimiz yoxdur.
Bir sualım var dostlar bu halda, televiziyalarımızın efirlərinin bu qədər ürək bulandıran bir vəziyyətə gəlib düşməsini görürük, amma ölçü götürülmür ki, onlara göstəriş, əmr vermək səlahiyyətli qurumumuz yoxdur.
Yoxdur yaradın. Təkliflər hazırlayın və parlamentə təqdim edin. Sizə kim mane olur? Əgər addım atmaq çətinlikləriniz yaranıbsa, o zaman aidiyyəti instansiylar qarşısında təkliflər paketi ilə qanunlara əlavə və dəyişikliklər edilməsi üçün müraciət edin, məsələ qaldırın. Etmirsinizsə, bu başqa məsələ. Bu da ki başqa bir müzakirənin mövzusudur. Ona görə burda fikirlərimizi nöqtələyirik.
Deyilənlərə söz ardı..
Hə dostlar, bax belə...Hara, necə və niyə getdiyimizi bilə-bilə yürüməyimizdə fayda var...Əksi halda, özümüz də, övladlarımız da addımbaşı büdrəyib yıxılacağıq...
Azxeber.com