Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI

Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
SOSİAL
15:21 18.08.2026
147

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

AZXEBER.COM xəbər verir ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 827 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 788 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu "Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 19-u günün ikinci yarısından etibarən abiturient.az saytından "PDF” formatda əldə etmək mümkün olacaq.

Rezidenturaya qəbul olunanlar qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Qeydiyyat 25 avqust saat 15:00-dan 3 sentyabr saat 18:00-dək davam edəcək. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi  internet saytında veriləcək.

Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə "mygov” platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəsmi  internet saytında veriləcək.

OXŞAR XƏBƏRLƏR