Roma Forumu: səsimiz daha ucadan çıxsın

Roma Forumu: səsimiz daha ucadan çıxsın
17:51 04.04.2013
1092

Anar YusifoğluRomanı İstanbulla müqayisə etmək üçün o qədər səbəb var ki: hər ikisi 7 təpə üzərində yerləşir, hər ikisi eyni mədəniyyətin təmsilçisidir, hər ikisi...

İstanbulun "Şərqi Roma" adlandırılması da və deyəsən, bizim Qərbi Romaya Şərqi Romadan getməyimiz də təsadüf deyil…

Öz Şərq kimliyimizi Avropa geyiminə bürüyərək Romaya - dünya mədəniyyətinin ən qədim beşiklərindən olan yurda "Şərqi Roma"dan türklərin qürur yeri İstanbuldan gedəsi olduq.

“Əbədi qızıl şəhər”

Həmkarım Cəsarətin sözüylə desəm, “mikrorayonsuz, başdan-başa “İçərişəhər” olan” Romanın digər adı “əbədi qızıl şəhər”dir. Ancaq katoliklərin baş məbədinin yerləşdiyi bu şəhər o qədər də sadə deyil ki, bu titulla məhdudlaşsın.

Tarixçilər əkiz qardaşı Remi öldürən Romulun e.ə. 753-cü ildə şəhərin əsasını qoyması və öz adıyla adlandırmasına inanırlar.

Digər mənbə isə daha maraqlıdır: Roma yunan mənşəli “rome” sözündəndir, yəni “hünər, qoçaqlıq”.

Aralıq dənizinin 26 kilometrliyində, Apennin dağının vulkanik mənşəli yamacında, Tibr çayının sahilində yerləşən, tarixi ərazisi 143, hazırda isə 1285 kv km-i əhatə edən (ərazi baxımından o qədər də böyük deyil) 3 milyonluq bu qoçaqlar şəhərindəki tarixin izlərini gəzib-görmək bir yana, saymaqla bitib-tükənməz. İmperiyanın yarandığı gündən bu vaxta qədərki tarix Romada daşların yaddaşındadır: abidələr, məbədlər, Kolizey, imperator sarayı, İspaniya meydanı…

Avropanın dəliqanlıları

İtalyanları “Avropanın dəliqanlıları”, coşqun və temperamentli bir xalq olaraq xarakterizə edirlər. Orda olduğum müddətdə bəzi səyahətçilərin italyanlarla Qafqaz türklərini – yəni bizləri müqayisə etməsinin də, “Bakı gecələri Neapol gecələrinə bənzəyir” deyən Qorkinin də məntiqini anlamaq üçün çox baş sındırmağa ehtiyac olmadı. Heç də ona görə yox ki, burda Nizami Gəncəvinin abidəsini görəndə Bakını, Gəncəni xatırladıq. Ona görə ki, bu coşqun xalq doğrudan da bir çox xarakterik keyfiyyətlərinə görə bizlərə oxşayır. Məsələn, onlardan yolu soruşarsan sınıq-salxaq bir “dillə”, əl-qol işarəsiylə, xəritəni göstərməklə… Vaxtlarına heyifləri gəlməz, əsil qonaqpərvərliklə gedəcəyin mənzili əməlli-başlı izah edərlər; hətta bəzən yolu tapmayacağını düşünüb, bir-iki küçə – axtardığın məkanı göstərincəyə qədər səni müşayiət də edərlər.

Baxmayaraq ki, bu ölkə turistlərlə aşıb-daşır, gündə yüz yol qonaq-qara ilə qarşılaşmaq və nəyisə izah etmək zəhlətökənliyi var, amma italyanlar öz səmimiyyətlərini kimsədən əsirgəmirlər – eynilə bizim kimi, bizim qonağa yanaşdığımız kimi…

Bahalı şəhər!

Roma – Avropanın ən bahalı şəhərləri sırasındadır. Maraqlı bir müqayisəsi var bu şəhərin: “Piza dağı və pizzanın vətəni” sayılan Roma mətbəxi də bizim mətbəxə çox yaxındır – təbii ki, müəyyən fərqlərlə. Fərqlər isə… daha çox qiymətdə özünü göstərir.

İnanılmaz olsa da, Romadakı otellərdə, kafelərdə rastımıza pulsuz İnternet – “vay-fay”la qoşula biləcəyin sistem – çıxmadı; yəni İnternet problemi yoxdur, sadəcə, pulludur!

Taksidən isə danışmağa dəyməz: axşam taksiyə mindinmi, sayğac qoşularkən artıq 5 avro yazıldığının şahidi olursan.

Polislər gözə dəyməz – sanki bu ölkədə polis yoxdur. Qərb ictimai təfəkkürü üçün xarakterik olan bu halı İtaliyada heç də hərarətlə qarşılamadıq. Çünki tez-tez bizə xatırladırdılar ki, axşam gəzintisinə çıxarkən üstünüzdə mümkün qədər az pul götürün – soyğunçuyla rastlaşmaq ehtimalına görə. Biz heç bir təhdidlə üzləşmədik, amma əgər bu ehtimal varsa, vətəndaşlarını (qonaqlarını) qorumaq üçün polisin «gözə görünməsi» daha yaxşı vasitə olmazdımı?

Strasburq-Budapeşt-Vyana-Roma…

Bu şəhərlər arasında hansısa əlaqə olmayıbsa belə, artıq bizlər bunu yaratmışıq.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) Avropada təhsil alan gənclərimizin bu şəhərlərdə forumlarını keçirib, onların bir-biri ilə əlaqələri, əməkdaşlığı, ünsiyyəti üçün işlər görüb, Azərbaycanın problemlərini bəzən bu ölkələrin parlamentləri səviyyəsində müzakirəyə çıxarıb.

ASAIF-in Roma forumunun ("2020-ci ilə baxış: Mənim Azərbaycanım - mənim gələcəyim") özəlliyi və əvvəlkilərdən fərqi elə ilk baxışda görünürdü. Əvvəla, 45 ölkədən 550-dən artıq gənc foruma qatılmışdı, ikinci, ilk dəfə olaraq təkcə Avropada təhsil alan tələbələr deyil, dünyanın müxtəlif yerlərindən – ABŞ və Latın Amerikasından, Afrikadan tutmuş, digər qitələrə qədər – tələbə və məzunlar Azərbaycanın strateji hədəfləri istiqamətində birgə çalışmaq və əlaqələrini gücləndirmək üçün yığışmışdı.

Miqyasca necə böyük mərasim olduğunu təsəvvür etmək çətin deyil. Ən çox diqqətimi çəkən isə bu həcmli forumun dəqiq, necə deyərlər, «saat kimi» işləməsiydi…

Əsas odur ki, nümunə var

Türkiyədə çəkilən filmdə Mübariz İbrahimovun qəhrəmanlıq nümunəsi kimi göstərilməsi təkcə qardaş ölkənin Azərbaycana münasibəti deyil, həm də nümunənin mövcudluğudur. Bu gün Azərbaycan gəncliyi tarixi qəhrəmanları ilə birgə, “elə dünən” yanlarında olan Mübarizin Mübarizəsindən öyrənmək və fəxr etmək fürsətini qazanıblar.

Mübarizlərin sırası isə az deyil: həm orduda, həm də…

“Bizim səsimiz daha ucadan çıxmalıdır – necə ki, Mirvarinin, Vüsalın səsi Fransa Senatından çıxdı. Azərbaycan gəncləri hər yerdə erməni lobbisinə Qarabağın əzəli, tarixi Azərbaycan torpağı olduğunu, belə də qalacağını xatırlatmalıdırlar…”

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun bu sözlərini ona görə xüsusi olaraq vurğuladım ki, burda daha bir nümunə göstərilir: hər bir təhlükəni göz altına alaraq, erməni və ermənipərəstlərin toplaşdığı məkana cəsarətlə ayaq qoyan və fiziki təzyiqə məruz qalan, bütün dünyaya erməni vəhşiliyinin Fransada belə tüğyan etdiyini göstərən nümunə!

Forum niyə əhəmiyyətlidir?

Forumda kifayət qədər nüfuzlu ictimai-siyasi xadimlər vardı: ölkənin tanınmış və önəmli məmurlarından tutmuş xarici ölkələrdəki diplomatlarımıza, Avropada lobbi fəaliyyəti aparan və Azərbaycanın haqq səsini dünyaya yayan diaspor nümayəndələrinə qədər. Onlar təkcə təklif, məsləhət vermir, həm də gənclərin öz intellektual-ziyalı potensiallarının açılmasına imkan tanıyırdılar.

Məsələn, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov gənclərin xaricdə təbliğat vasitələri çapını dərhal dəstəklədi və nəşrin məsuliyyətini öz üzərinə götürdü. Həm də gənclərə səsləndi – kimin təşəbbüsü varsa, birlikdə çalışmaq üçün. Təzəliklə bir neçə ölkədə Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliyinin açıldığı haqda məlumat verərək, intellektli gənclərin müraciətlərini gözlədiyini söylədi.

İntellektli gənclərsə sayılmaqla bitməz. Təkcə bir faktı deyim: bilirdinizmi ki, dünyaca məşhur “Ferrari” avtomobilinin sonuncu modelinin dizaynı azərbaycanlı tələbənin işidir?..

Forumun əsas fəlsəfəsi Prezident İlham Əliyevin gənclərlə görüşdə səsləndirdiyi “Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq, fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır” fikriydi.

Mövzular, hədəflər, qarşıdakı vəzifələrlə bağlı çıxış, məruzə və açıqlamalarla mətbuatdan tanış olmusunuz. Xüsusi toxunmaq istədiyim məqam isə müşahidə etdiyim bir nüansdır:

Dünyanın müxtəlif ölkələrində yaşayan 550 nəfər çox yüksək intellektli gəncin eyni vaxtda bir şəhərə toplanması və burda tədbirlər keçirməsi, yerli əhali ilə ünsiyyətini təsəvvür edin: önəmli bir Avropa şəhərinin ən yüksək kürsüsündən dünyaya səslənirlər, öz əlaqələrini müzakirə edirlər; birgə şəhərə çıxırlar, bir neçə dil bilən bu gənclərin əhali ilə ünsiyyət problemi yoxdur; Azərbaycan mədəniyyəti və mənəvi dünyası bir neçə gün ərzində 550 insanın simasında şəhərə yayılır…

O qədər ki…

2 günlük müzakirələr, rəsmilərin üzlərdə yumor hissi yaradan çıxışları, gənclərimizin sual və təklifləri, Azərbaycan və İtaliya gənclər təşkilatları arasında görüşlər və 4 Memorandumun imzalanması, yerli və İtaliya mediasının böyük marağı, növbəti forumun Berlində keçirilməsi təklifi, 2007-2015-ci illər üzrə Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramının 2020 vizyonunun realizə olunması üçün uzadılması və nəhayət siyasi kursun dəstəklənməsinin forum iştirakçıları tərəfindən dəstəyini özündə ehtiva edən yekun sənədin qəbulu!

“Ohh, Şahdəniz!!!”

Xatırlayıram, bir neçə il öncə Cənubi Qafqazın ən böyük ölkəsi olan Vətənimiz barədə nəinki sıravi avropalıların, hətta bəzən Şərqlə məşğul olan mütəxəssislərin də təsəvvürü yox idi. İndi isə sadə italiyalılar bizimlə maraqlananda ən azı Bakını, həm də “Avroviziya”dan, tanıdıqları eşidib-duyurduq və bu, qürurverici idi.

Amma Romada kiçik kafelərdən birində ofisiant bizim gənclərin Azərbaycandan olduğunu bilərkən verdiyi reaksiya gözlənilməz olub. “Azərbaycan” adını eşidən kimi italyanın gözü işıqlanıb:- Ohh, Şahdəniz!..

OXŞAR XƏBƏRLƏR