Ronaldo UEFA-nın tədbirlərini boykot edir

İDMAN
20:17 14.09.2012
1422

İspaniyanın “Real” (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo UEFA-nın avqustun 30-da keçirdiyi mükafatlandırma mərasimindən narazı qalıb.AZXEBER.COM-un məlumatına görə, portuqaliyalı hücumçu Avropada 2011-2012-ci il mövsümünün ən yaxşı oyunçusu kimi təltif olunmamasına etiraz edib.

Mükafat “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestaya verilib. Ronaldo bildirib ki, mükafat almayacağı tədbirlərə bir daha yollanmayacaq. Ulduz futbolçu iradlarını UEFA rəhbərliyinə də çatdırıb.

Ötən mövsümün ən yaxşı oyunçusu üçün müəyyənləşdirilmiş mükafata daha bir “Barsa”lı Lionel Messi də namizəd olub. Mükafat İnyestaya verildikdən sonra Ronaldo heç kiminlə ünsiyyət qurmadan zalı tərk edib. O, sentyabrın 2-də “Qranada” ilə İspaniya çempionatı matçında (3:0) 2 qol vursa da, heç birinə sevinməyib.Futbolçu matçdan sonra "Real"da xoşbəxt olmadığını söyləyib. Portuqaliyalı ulduzun bu sözləri mətbuatda onun İnyestaya mükafat verilməsindən narazılığı və klubu ilə 2015-ci ildə başa çatacaq müqaviləsini daha yaxşı şərtlərlə bağlamaq istəyi kimi yozulub. Ronaldo sentyabrın 13-də “Real”ın prezidenti Florentino Pereslə görüşüb. Lakin görüşün təfərrüatları məlum deyil.

Qeyd edək ki, Kriştiano Ronaldo sentyabrın 11-də Portuqaliya millisinin heyətində Azərbaycan millisinə qarşı 2014-cü il dünya çempionatının seçmə qrup matçına çıxıb. Komandası 3:0 hesabı ilə qalib gəlsə də, Ronaldu qol vura bilməyib.

OXŞAR XƏBƏRLƏR