"Roşka" məhkəmədə ifadə verdi

"Roşka" məhkəmədə ifadə verdi
SOSİAL
17:52 29.07.2025
202

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

AZXEBER.COM-un "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktokerə sərbəst ifadə üçün imkan yaradılıb.


O, ifadəsi zamanı günahının olmamasını vurğulayaraq həbsinin "TikTok" fəaliyyəti ilə əlaqəli olduğunu deyib:

"Bunu hamı bilir ki, mənim həbsim narkotiklə bağlı deyil, bu tiktokdakı fəaliyyətimlə bağlıdır. Yayımlarda xoşagəlməz hərəkətlərə yol versəm də, buna görə inzibati həbs olunmuşam, islah da olmuşam. Həbs olunduğum gün yanımdakı xanımı gözəllik salonuna apararkən yolda polis əməkdaşları yaxınlaşaraq məni saxladılar".

Rövşən Süleymanov bununla yanaşı sosial şəbəkələrdə yol verdiyi müəyyən hərəkətlərə görə hamıdan üzr istəyib.

Təqsirləndirilən təcridxanada olarkən özünə xəsarət yetirdiyini də etiraf edib. Onun sözlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasının əməkdaşlarının vaxtında müdaxiləsi isə onun həyatını xilas edib.

Bundan sonra Rövşən Süleymanovun vəkili onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlə çıxış edib.

Vəkil də həmçinin müvəkkilinin təcridxanada həqiqətən özünə xəsarət yetirdiyini məhkəmənin diqqətinə çatdırıb. Buna görədə hazırkı psixoloji durumunun onun həbsdə saxlanmasına yol vermədiyini deyib.

Prokuror isə vəsatəti əsassız sayaraq onun təmin olunmamasını istəyib.

Müşavirədən sonra Rövşən Süleymanovun ev dustaqlığına buraxılması təmin olunmayıb.

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR