"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"

"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
SİYASƏT
15:24 20.08.2025
318
"Hər şeydən əvvəl nəzərə almalıyıq ki, bu, Rusiyanın SOCAR obyektlərinə ikinci hücumudur. Birincini təsadüf deyib keçə bilərdik, amma müharibənin qızğın şəkildə getdiyi bölgədən uzaqdakı bir yerdə SOCAR obyektlərinin yenidən vurulmasını artıq təsadüf deyib keçə bilmirik".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət Rusiyanın SOCAR-ın yanacaqdoldurma məntəqəsinə raket atmasını şərh edərkən deyib.
 
O bildirib ki, onlar bu hərəkətlə Azərbaycana gözdağı vermək istəyirlər:
 

 

"Belə anlaşılır ki, Rusiya Azərbaycana gözdağı vermək istəyir, Azərbaycan Respublikası ərazisində hər hansı əməliyyat keçirmək imkanları yoxdur. Ona görə də Ukraynadakı müharibəni bəhanə edib oradan dolayısıyla Azərbaycana özünün gücünü göstərmək istəyir. Amma bu, Rusiyanın özünə qarşı işləmiş olur. Çünki Azərbaycanda onsuz da əhalinin böyük əksəriyyəti Rusiyaya nifrət edir, onlardan uzaq durmağı üstün tutur. Az sayda insanlarımız var ki, Rusiyaya hələ də bu və ya digər şəkildə loyal yanaşırlar. Belə əməllər həmin adamların da Rusiyaya qarşı çevrilməsinə səbəb olacaq. Niyə belə düşünürük? Ona görə ki, Ukrayna müharibəsi başlayarkən, 2022-ci ilin fevralında həmin ölkənin əhalisinin böyük əksəriyyəti Rusiyaya yetərincə loyal yanaşırdı. Rus dili ilə bağlı heç bir problem yox idi. Ukrayna xalqının Rusiya dövləti ilə münaqişəyə heç meyli də yox idi. Amma nə baş verdi? Rusiya Ukrayna torpaqlarına təcavüz edib, oraları işğal altına aldıqdan sonra indi Ukraynada əhalisinin demək olar ki, hamısı Rusiyaya nifrət edir. Yəni, Rusiya özü öz gücünə bu nifrəti qazanır və qazanmağa da davam edir".
 
Siyasi şərhçi qeyd edib ki, SOCAR-a edilən təxribat azərbaycanlıların Rusiyaya nifrətini 1-ə 10 artırdı:
 
"Azərbaycan obyektlərinə vurulan bu zərbələr də Azərbaycanlıların Rusiyaya nifrətini 1-ə 10 artırıb və belə davam etsinlər. Mən düşünürəm ki, Azərbaycanda qalmış, hələ də Moskvanın ətəyindən əl çəkməyi istəməyən o bir ovuc adam da nəhayət ki, Rusiyanın əsl mahiyyətini anlayıb, ondan əl çəkəcək. Bu baş verən hadisə qəsdən, məqsədli edilib, Rusiya Azərbaycana gözdağı vermək istədi, amma həmişəki kimi yenə də onun bu əməli öz əleyhinə çevrilmiş oldu".

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR