“Rusiya çalışır ki, Azərbaycanla münasibətlər gərginləşsin” - Siyasi şərhçi

“Rusiya çalışır ki, Azərbaycanla münasibətlər gərginləşsin” - Siyasi şərhçi
SİYASƏT
18:30 04.09.2025
227
"İki tərəfin arasında münasibətlərin korlanması bütövlüklə Rusiya rəhbərinin günahıdır. Çünki onlar Azərbaycana məxsus mülki təyyarənin qəzaya uğramasından sonra özlərini çox nalayıq apardılar və faktiki olaraq bildirdilər ki, onların günahı yoxdur”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

 


O bildirib ki, Rusiya hazırda çalışır ki, Azərbaycanla proseslər dərinləşsin və ölkələr bir-birindən uzaqlaşsın:
 
"İndiki vəziyyətdən belə aydın olur ki, Rusiya çalışır ki, bu proseslər dərinləşsin, sonra tərəflər bir qədər də bir-birindən uzaqlaşsınlar. Təbii ki, biz Putinlə İlham Əliyevin Çində görüşünün şahidi olduq, təsadüfi bir görüş idi, Putin mətbuat konfransı əsnasında bu məsələyə münasibət bildirdi. Əlbəttə ki, siyasətdə hər deyilən sözə inanmazlar. Mən elə düşünürəm ki, Putin o suala bədahətən cavab verdi”.
 
Siyasi şərhçi hesab edir ki, Rusiya vaxtında məsələlərin həllini dəyərləndirsəydi, indi münasibətlər pozulmazdı:

"Bizim soyuq müharibə şəraitində olmağımızın özü anormaldır, çünki biz qonşu ölkələrik və bir-birimizdən maraqlarımız keçir, ortaq layihələr vasitəsilə böyük mənfəətlər əldə edirik və bunlardan keçmək olmaz. Ona görə də hesab edirəm ki, Rusiya gərək vaxtında bu məsələlərin hamısını düzgün dəyərləndirərdi”.

Politoloq əlavə edib ki, Rusiya vaxtında etdiklərindən nəticə çıxarmalı və ölkəmizin istəklərinə cavab verməliydi:

"Məsələ başqadır. İndiki dövrdə, geosiyasi və geoiqtisadi durumda dost, həmkar itirmək vaxtı deyil. Amma Rusiya bu məsələyə çox yüngülcə getdi və mən anlaya bilmirəm ki, niyə? Çünki Rusiyanın özünün günahı var deyə gərək lazımi, məntiqi qənaətləri çıxarardı və Azərbaycanın istəklərinə müsbət cavab verərdi”.

Tofiq Abbasov bildirib ki, Rusiya Azərbaycan üçün elə də mühüm problemlər yaratmayacaq:
 
"İnanıram ki, Rusiya Federasiyası bizim üçün bir problem yaratmayacaq. O cümlədən də Rusiyada yaşayan Azərbaycanlılar üçün. Çünki onların əksəriyyəti Rusiya cəmiyyətindən inteqrasiya olunmuş insanlardır. Onların elmi, texniki potensialı var, güc və daşıyıcısı kimi, yəni bir miqrant resursu kimi də Rusiya cəmiyyətində böyük faydası, xeyri var. Elə bilirəm ki, bu proseslərin hamısını düzgün dəyərləndirmək lazımdır ki, artıq yaxın gələcəkdə yenidən bizim münasibətlərimiz ortaq məxrəcə gəlsin”.

Mikayıl Mirzəzadə


OXŞAR XƏBƏRLƏR