Rusiya - Ermənistan hərbi əməkdaşlığı və bölgəyə təsiri

Rusiya - Ermənistan hərbi əməkdaşlığı və bölgəyə təsiri
KÖŞƏ
12:13 03.02.2013
3599

Elmin İsyaev

Ermənistan Respublikası Sovet İttifaqının dağılmasından sonra da Qafqazda Moskvanın əsas dayaq nöqtəsi olaraq qalmışdır. Rusiya Ermənistan ilə müxtəlif sahələrdə əməkdaşlıq etməkdədir və bu sahələrdən ən önəmlisi məhz hərbi əməkdaşlıqdır. Rusiya-Ermənistan münasibətləri rəsmi olaraq 29 Dekabr 1991-ci ildə “Dostluq, əməkdaşlıq və təhlükəsizlik” müqaviləsi imzalanması ilə başlamışdır. Ermənistan və Rusiya arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə başlayan hərbi əlaqələr Ermənistan sərhədlərinin rus hərbçiləri tərəfindən qorunmasına dair 30 Sentyabr 1992-ci il tarixli müqavilə ilə ikitərəfli səviyyədə həyata keçirilməyə başlanılmışdır.

Ermənistan və Rusiya arasında 21 oktyabr 1994-cü ildə imzalanan müqaviləyə əsasən Rusiyaya Gümrü və İrəvanda olmaqla iki hərbi baza qurmasına icazə vermişdir. 2010-cu il avqust ayında 1995-ci il Rusiya-Ermənistan ikitərəfli müdafiə müqaviləsini yenidən gözdən keçirərək Gümrüdə Rusiya hərbi bazasının icarə müddəti 2044-cü ilə qədər uzadıldı. Eyni zamanda müqavilənin mətni də dəyişdirildi. Belə ki, müqavilədə MDB ölkələrindən başqa digər ölkələrin Ermənistana hücum edəcəyi təqdirdə Rusiyanın müdafiəsini nəzərdə tutulurdu. Bunun nəticəsi olaraq əgər Azərbaycan öz torpaqlarını qaytarmaq üçün Ermənistana hücum etsə o zaman Moskva Ermənistanı müdafiə edəcəkdir.

Rusiya ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq KTM çərçivəsində də həyata keçirilir. 1992-ci il 15 Mayda MDB üzv dövlətlərinin Daşkənddə imzaladığı Kollektiv Təhlükəsizlik Təşkilatına daxil olmuş və 7 Oktyabr 2002-ci ildə qəbul edilən nizamnamə Ermənistan parlamenti tərəfindən imzalanmışdır. Azərbaycan və Gürcüstan isə 1994-cü ildə daxil olmuş və 1999-cu ildə isə təşkilatdan çıxmışdır. Təşkilatın nizamnaməsinə əsasən üzv dövlətlərdən birinə hücum bütün üzv dövlətlərə hücum deməkdir və əgər Ermənistana hər hansı bir dövlətdən hücum olunarsa o zaman ona yüksək səviyyədə təhlükəsizlik zəmanəti verməkdədir.

29 Yanvarın 2013-cü ildə isə Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja ilə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Akademiyasının yaradılması haqda memorandum imzalanmışdır. Akademiya informasiya-analitik, elmi-metodik, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti ilə bağlı mütəxəssislərin və siyasətçilərin hazırlanması mərkəzi kimi nəzərdə tutulmuşdur.

Onu da qeyd edək ki, keçən il BMT-nin Rusiya və Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sülhməramlı missiyalar həyata keçirməyə icazə verdiyini açıqlayıb və istisna olunmur ki, təşkilatın ilk missiyası Xocalı aeroportunun qorunması olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordüja bəyan edərək bildirmişdir ki, təşkilatın Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməsini məqsədəuyğun olmadığını və bu Akademiyanın yalnız Ermənistanda yaradılması müəyyən məqsədlər güdməkdədir.

Bütün bunlarla birlikdə Rusiya Ermənistana silah-sursat satmaqdadır. Belə ki, Rusiyadan son bir neçə ayda Ermənistana külli miqdarda silah və sursat ötürülmüşdür. Siyahıya zirehli texnika, raket sistemləri, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri və aviasiya texnikası daxildir. Qeyd edək ki, açıqlanan siyahı son 20 ildə Rusiyanın Ermənistana hədiyyə etdiyi 3-cü kütləvi silah partiyasıdır.Birinci partiya 1996-cı ildə Rusiya hökumətinin Ermənistana uzaqvuran raketlər də daxil olmaqla, 1 milyard dollar dəyərində silah və sursat hədiyyə etdiyi ortaya çıxmışdır. İkinci isə 2008-ci ildə Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissəsindən Ermənistan Silahlı Qüvvələrinə silah-sursatın ötürülməsini sübut edən sənədlər yayılmışdır və Azərbaycan XİN-nin vermiş olduğu bəyanatda Rusiyanın Ermənistana vermiş olduğu hərbi texnika və sursatın dəyəri 800 milyon dollar idi.

Bütün bunlar bir daha onu sübut edir ki, Rusiya Ermənistanla hərbi sahədə əməkdaşlıq etməklə Cənubi Qafqazı əlində saxlamaq istəməkdədir.

OXŞAR XƏBƏRLƏR