‘Rusiya gərək Gürcüstanla Azərbaycanı səhv salmasın' – Politoloq

‘Rusiya gərək Gürcüstanla Azərbaycanı səhv salmasın
14:30 04.03.2013
1976

“Azərbaycanı Gürcüstan höküməti ilə müqayisə etmək yersizdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Qafqaz universitetinin Beynəlxalq Hüquq kafedrasının müdiri, politoloq Fərhad Mehdiyev söyləyib. Politoloq Azərbaycanla Gürcüstanın müqayisə edilməsinin tərəfdarı olmadığını bildirib:

“Saakaşvilinin səsləndirdiyi fikirlər yeni deyildi. Rusiyanın bu cür istəklərinin olması təbiidir, ancaq bunun reallaşdırılması mümkün deyil. Birincisi, Azərbaycan daxilində real gücü və imkanı olan elə bir siyasi qüvvə yoxdur ki, Rusiya ondan istifadə edə bilsin. Nə iqtidarda, nə müxalifətdə, nə də orta mövqe tutan partiyalarda bunu görmək mümkündür. Bu halda Rusiya yalnız hərbi müdaxilə yolu ilə arzusunu həyata keçirə bilər. Bu isə indiki siyasi mühitdə real deyil. Rusiya eyni şeyi Gürcüstanda etməyə çalışdı. Hətta tanklarını Tiflisə qədər gətirməyi də istəyirdi, ancaq o zaman Gürcüstanda müharibə gedirdi və həmin regionda Rusiyanın Gürcüstanla quru sərhədi var idi. Azərbaycana isə Rusiyanın sərhəddən – Şimaldan daxil olması inandırıcı deyil. Yeganə variant, 90-cı illərdə olduğu kimi, Ermənistan üzərindən Dağlıq Qarabağa qüvvə göndərmək ola bilər. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, Gürcüstan ərazisi də hazırda Rusiya üçün qapalıdır.

İkincisi isə, Azərbaycan höküməti çox güclüdür. Onu Gürcüstan höküməti ilə müqayisə etmək yersizdir. İki ölkənin gəlirləri arasında yerlə-göy qədər fərq var. Ona görə də, Azərbaycan hökümətini sarsıtmaq asan deyil. Rusiya gərək Gürcüstanla Azərbaycanı səhv salmasın”.

Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Söyün Sadıxov, Vahid Ələkbərov və digər milyarderlər vasitəsilə Azərbaycanda hakimiyyət çevrilişi hazırladığını bildirib.

Ceyhun

OXŞAR XƏBƏRLƏR