"Rusiya kompensasiyanı ödəmək istəmir, çünki ödəsə bilir ki..." - RƏY

"Rusiya kompensasiyanı ödəmək istəmir, çünki ödəsə bilir ki..." - RƏY
14:39 05.09.2025
3085
 

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyi iddia edib ki, guya Aktau yaxınlığında baş verən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı 11 milyonluq sığorta kompensasiyası ödənilib.

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bu açıqlamanı təkzib edərək bildirib ki, Rusiya belə yalan məlumatlarla Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa çalışır.

Onun sözlərinə görə, sığorta ödənişi ilə Azərbaycanın Rusiyadan tələb etdiyi kompensasiya tamam ayrı anlayışlardır və bunları qarışdırmaq doğru deyil.

Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev də açıqlama verərək bildirib ki, ailəsinə heç bir kompensasiya ödənilməyib.

Beləliklə, Rusiya tərəfi yenidən feyk informasiya yayaraq məsələni ört-basdır etməyə çalışır. Bu isə haqlı olaraq suallar doğurur: Moskva niyə davamlı şəkildə yalan danışır və faciədə həlak olan insanların ailələrinin acı xatirələri ilə oynayır?

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, yalan danışmaq Rusiya hakimiyyətinin siyasətinin əsas mahiyyətini təşkil edir:

"Elə Ukraynaya qarşı işğalçı müharibə də bu yalanların üzərində qurulub. Guya Ukraynada rusların sıxışdırılması, Krımda NATO bazasının yerləşdirilməsi bəhanəsi ilə hücum etdilər. İndi də Azərbaycana qarşı eyni saxta siyasəti tətbiq edirlər. Azərbaycanın mülki təyyarəsini vurublar, amma üzr istəmək və kompensasiya ödəmək əvəzinə məsuliyyətdən yayınırlar. Putin heç vaxt səmimi üzr istəməyib, sadəcə insidentə görə təəssüfünü bildirib”.

 


Şahinoğlu qeyd edib ki, Rusiya əgər doğrudan da kompensasiya ödəyibsə, bəs niyə ailələr və yaralılar bu məbləği görməyiblər?

"Əgər kompensasiya ödənibsə, niyə qurbanların ailələri və yaralananlar bunu ala bilməyiblər? Bu, açıq-aşkar saxtakarlıqdır. Məqsəd beynəlxalq aləmi aldatmaqdır. Halbuki belə məsələdə məsuliyyəti boynuna götürmək Rusiya üçün çətin deyil, sadəcə etiraf etmək istəmirlər. Ona görə də yalanla məsələni ört-basdır edirlər”.

Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR