Moskva suveren dövlətin ərazisini zəbt etdi; Dünya güclərinin etirazına baxmayaraq yarımadada avtomat lülələri altında referendum keçirildi; tatarlar səsverməni boykot etdilər; Qərb Kremli “sərt cəzalar”la hədələdi; Rusiya “Böyük səkkizlik”dən çıxarıldı...
Martın 16-da Krım və Sevastopolun dövlət mənsubiyyəti barədə referendum keçirildi. Ukraynada Yanukoviçin devrilməsindən sonra genişlənən separatçılıq dalğasında Krım Muxtar Respublikasının parlamenti tərəfindən təyin olunan referendum rəsmi Kiyev və Qərb tərəfindən öncədən qanunsuz elan edilmişdi. Ukrayna hakimiyyəti Krım parlamentini buraxmışdı.
Buna baxmayaraq Moskvadan dəstəklənən Krım separatçıları yarımadanın Rusiya tərkibinə daxil olması və ya Ukrayna tərkibində daha geniş muxtariyyətə sahib olması sualı ilə, faktiki, avtomat lülələri altında səsvermə təşkil elədilər.
Krım və Sevastopolda referendum ötən gün yerli vaxtla səhər saat 8:00-dən 20:00-dək davam edib. Seçici siyahılarına 1,515 milyon Krım və 305 min Sevastopol sakini daxil edilib. Krım ərazisində 1205, Sevastopolda - 192 seçki məntəqəsində səsvermə keçirilib.
Referendumu 23 ölkədən 800-dən artıq jurnalist və 180-dən çox müşahidəçi izləyib. “Exit poll”un keçirilməsi üçün yeganə təşkilat - Respublika Sosioloji və Siyasi Araşdırmalar İnstitutu akkreditasiya alıb. Referendumun yekun nəticəsi martın 17-də elan olunacaq.
Tatarlar referendumu boykot edir
Ukraynanın Krım Muxtar Respublikasında keçirilən “referendum” tatarlar tərəfindən boykot edilib. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə başlayandan bəri Krım tatarlarından heç kim səs verməyib. Paytaxt Simferepolda türklərin sıx yaşadığı Çistinkaya məhəlləsində yaradılan məntəqədə yalnız ruslar və ukraynalılar səs veriblər. Məntəqənin sədri Alla Fyodorova bildirib ki, bölgədə yaşayan tatarlardan cəmi bir neçə nəfər seçki məntəqəsinə gəlib.
“Euronews” kanalı isə Krımın paytaxtı Simferopol şəhərinin yaxınlığında yerləşən Yevpatoriya qəsəbəsində əhalinin böyük çoxluğunu təşkil edən tatarların referendumu boykot etdiyi xəbərini yayıb. Qəsəbə sakinlərindən biri telekanala deyib ki, yerli yaşlı tatarlar referenduma getməməklə bağlı çağırış edib. “Biz Rusiyaya aid olmaq istəmirik. Putini istəmirik” - deyə o bildirib.
Ötən gün KİV-də Rusiya kazaklarının Ukrayna hərbçilərini referenduma getməyə məcbur etməsi ilə bağlı xəbərlər yayılıb. Krımdakı Ukraynanın Müdafiə Nazirliyinin media-mərkəzinin rəhbəri Vladislav Seleznyov “Ukraynskaya Pravda” qəzetinə açıqlamasında rusiyalı hərbçiləri, eləcə də mülki əhalini səsverməyə getməli olduqlarını bildirib.
Ötən gün Krım tatarları məclisinin üzvləri İslam Əməkdaşlıq Təşkilatının birinci katibi İyadu Bin Aminə Madaniyə məktub ünvanlayıb. Krım Məclisinin saytında dərc olunan dünya müsəlmanlarından yardım istənilir. Sitat: “Krım tatarları XX əsr ortasında SSRİ-nin kommunist rejimi tərəfindən soyqırıma məruz qaldılar. Onlar yeni faciəni yaşamaq riski qarşısındadırlar. Sizdən xahiş edirik ki, öz nüfuzunuzdan istifadə edərək böhranın həli yollarını axtarıb tapasınız. Sizi dünya və ədalət naminə qətiyyətli olmağa çağırırıq, Krımda yaşayan yüz minlərlə insanın həyatını qoruyun”.
Beynəlxalq aləmdən Rusiyaya Krım etirazı
Qanunsuz referendum beynəlxalq aləmdə geniş etirazla qarşılanıb. “Ukranskaya pravda” qəzeti yazıb ki, Rusiyanın Krımla bağlı siyasətinə cavab olaraq “Böyük yeddilik” ölkələri artıq Rusiyanın iştirakı olmadan növbəti sammiti keçirməyə hazırlaşırlar. Bununla da “Böyük səkkizlik” formatının ləğv olunduğu, yenidən “yeddilik” formatına qayıdış ola bilər. Ancaq bildirilir ki, iyuna planlaşdırılan görüşün Britaniyada keçirilməsini təklif olunsa da, qrupa üzv olan digər dövlətlər sammitin Londonda keçirilməsinin əleyhinə çıxıblar.
Almaniya hökuməti isə növbəti dəfə Rusiyanı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə çağırıb. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib ki, “əgər Rusiya son anda Ukrayna ilə bağlı mövqeyini dəyişməsə, Avropa Birliyi martın 17-də müvafiq cavab verəcək”.
Almaniyanın XİN rəhbəri Kremlin tutduğu mövqeyi sərt tənqid edib: “Biz qarşıdurma axtarmırdıq. Amma Rusiya son anda güzəştə getsə, bazar ertəsi Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında bunun cavabını verəcəyik”.
Dünən axşam saatlarında isə məlum olub ki, Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə telefonla Ukraynadakı vəziyyəti, Krımda bazar günü keçən referendumu və vəziyyətin monitorinqi üçün Ukraynaya ATƏT-in missiyasının göndərilməsinin mümkünlüyünü müzakirə edib.
Putin söhbət zamanı diqqəti ona yönəldib ki, Krım əhalisinin iradəsi BMT nizamnaməsinə əsasən, beynəlxalq hüquq normalarına tam uyğun olaraq keçirilir. Rusiya prezidenti həmçinin vurğulayıb ki, Rusiya Krım sakinlərinin seçiminə hörmətlə yanaşacaq. “Rusiya prezidenti Kiyev hökumətinin səhlənkarlığı üzündən Ukraynanın şərq və cənub-şərq bölgələrində radikal qruplaşmalar tərəfindən gərginliyin yaranması ilə əlaqədar yenidən narahatlığını bildirib”, - Kremlin mətbuat xidməti xəbər verir.
Bundan başqa, Putin Merkel ilə vəziyyətin monitorinqi üçün Ukraynaya ATƏT-in miqyaslı missiyasının göndərilməsinin mümkünlüyünü müzakirə edib. Almaniya kansleri həmçinin, Soçidə Paralimpiya Oyunlarının uğurlu keçirilməsi ilə əlaqədar Putini təbrik edib.
Nəticəsi bəlli olan referendum
Qeyd edək ki, Krımda referendumun nəticəsi bir gün sonra elan edilsə də, bir sıra mütəxəssislər onun nəticələrinin artıq müəyyən olduğunu düşünürlər. “Euronews” kanalının məlumatına görə, yarımadada aparılan son sorğulara əsasən, yerli əhalinin 80 faizi Krımın Rusiyaya birləşməsinin tərəfdarıdır. Telekanalın məlumatında bu nəticənin xüsusən də son həftələrdə yüksəldiyi qeyd olunur.
Xatırladaq ki, referendumda seçicilərə verilən bülletenlərdə sual iki bənddən ibarət olub. Birinci bənddə sual “Krımın Rusiyanın ərazisi olmasını istəyirsinizmi”, ikinci bənddə isə “1992-ci il Konstitusiyasına əsasən Krımın Ukrayna torpağı olmasını istəyirsinizmi” şəklindədir.
Ancaq müşahidəçilər artıq nəticələrin bəlli olduğunu, böyük çoxluğun Rusiya ilə birləşməyə dəstək verdiyi qənaətindədir. Yarımadadakı siyasi proseslər həm də rus ordusunun yüksək hərbi hazırlığı ilə müşayiət olunur. Ukrayna hökuməti iddia edir ki, Ukrayna ordusu Xerson vilayəti ərazisinə Rusiya silahlı qüvvələrinin desant çıxarmasının qarşısını alıb. Bununla belə, Rusiyanın Krıma 4 batareya “S 300" zenit raket kompleksi gətirdiyi xəbər verilir. Məlumata görə, seçki məntəqəsindən bir neçə metr aralıda yerləşən Ukraynanın ən böyük hərbi hissələrindən birini Rusiya qoşunları mühasirəyə alıblar. Yol kənarlarında hər 30 metrdən bir silahlı əsgərlər keşik çəkir.
Bu arada isə Rusiya ilə ABŞ-ın Ukrayna məsələsində ilkin razılığa gəlməsi haqda da xəbər yayılıb. anspress-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri konstitusiya islahatının köməyi ilə və ölkənin bütün regionlarının maraqlarına hörmət etməklə Ukraynada böhrandan çıxış yolu axtarmağa razılaşıblar. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Lavrov və Kerri arasında dünənki telefon danışığı zamanı Ukraynadakı vəziyyət və Krımda keçirilən referendum müzakirə olunub. Lakin anlaşmanın reallığa çevrilib-çevrilməyəcəyi bilinmir... (musavat.com)