Rusiya Avropanı soyuqdan dondurur: Avropalıların gözü Azərbaycana çevrilib

MANŞET
13:35 28.01.2022
683

Avropa Birliyinin Ukraynaya görə Rusiyaya olan təzyiqləri davam edən bir ərəfədə, Rusiya enerji həmləsini işə salıb. Belə ki, Rusiya fevral ayından etibarən Avropaya neft ixracını 14 faiz azaldacağını bildirib. Rusiya bundan öncə də Avropaya təbii qazın ixracını azaltmışdı. Hazırda birjalarda qazın və neftin qiyməti sürətli şəkildə artır.

Mövcud gərginlik, neft ölkələri üçün yeni fürsətlər yaradır və "qara qızıl”ın qiyməti pandemiyadan öncəki illərin səviyyəsinə qalxır. 

Rusiyanın Avropanın enerjisini kəsməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində yenidən aktiv iştirakçıya çevirəcək. Belə olan halda, neft və qazın qiymətində yenidən sürətli artım olacaqmı?

Həmçinin oxu:

Müharibə qapıdadır:"Rusiya Ukraynada qələbə qazanacaq, nəticələri isə çox ağır olacaq” -TƏHLİL

İqtisadçı-ekspert Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında məsələni bu cür izah edib:


"Rusiyanın Ukraynaya görə Avropaya neftin ixrac səviyyəsinin azaltması neftin qiymətlərinə təsir göstərəcək. Amma bunu məhz Azərbaycan neftinin qiymətinə təsir edəcək kimi qiymətləndirmək düzgün olmaz. Çünki neftin qiyməti ölkələr üzrə deyil, "qara qızıl”ın markasına görə dəyərləndirilir. Azərbaycan nefti olan "Azerlight” markalı neftin qiymətinə təsir göstərəcək, amma adətən bu cür hallarda bu təsir uzunmüddətli olmur. Çünki Azərbaycan neftinin qiymətinin qalxdığı təqdirdə müəyyən səviyyəyə qalxa bilir, müəyyən səviyyədən sonra isə tərəflər bahalı nefti deyil, qalxmadan stabil qalmış digər markalı neftə müraciət edirlər və bunun alışı istiqamətində aktivləşmə gedir. Buna görə də markalar üzrə olan neft qiymətlərinin bir-birindən kəskin şəkildə fərqlənməsini biz görmürük. Xüsusilə də "Brend” və "AzerLight” markalı neftlərin bareli üzrə baxanda görürük ki, qiymətlər kifayət qədər yaxındır. Bu tendensiya, sırf Azərbaycan neftinin deyil, ümumi neft qiymətlərinin qalxmasına gətirib çıxara bilər. Qeyd etdiyim kimi, bu cür tendensiyalar qısa müddət ərzində effektiv olur”.

Ekspert onu da qeyd edib ki, bu cür proseslər həmişə neftin qiymətinə təsir göstərir:

"Ümumiyyətlə neft istehsalçısı və neftin iri idxalçıları – bu iki qrupa daxil olan ölkələr arasında münasibətlər və ya o ölkələrin özlərinin arasında bir-biri ilə münasibətlərində olan gərginlik həmişə neft qiymətlərinə təsir göstərir”.

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə AZXEBER.COM-a açıqlamasında bildirib ki, neftin qiymətinin artması sırf Rusiya-Ukrayna məsələsi səbəbilə deyil:


"Ümumiyyətlə, təkcə Rusiya Ukayna münasibətlərinə görə neftin qiyməti bagalaşmayıb. Çünki neft qlobal bazardır. Bu, nəyisə satmaq üçün bir dənə market deyil. Neftin qiymətinin yüksək olması bir sıra səbəblərdən qaynaqlanır. Burada geosiyasi amillər var. Bu, qazın qiymətində də özünü göstərir”.

AZXEBER.COM-a danışan siyasi ekspert Anar Əliyev Rusiyanın bu addımından sonra Avropanın alternativ enerji ölkəsi kimi gördüyü Azərbaycana olan marağı daha çox artacaq. Bu isə Azərbaycanın Avropada geosiyasi və iqtisadi mövqeyinin bir qədər də möhkəmlənməsinə gətirib çıxaracaq:


"Ukrayna üzərindən ABŞ və onun NATO müttəfiqləri ilə Rusiya arasında münasibətlər hər gün artan xətlə daha da gərginləşir. Hesab edirəm ki, Rusiyaya qarşı atılan kəskin addımlar, xüsusilə də Rusiyanın Ukraynada münaqişəyə təhrik edilməsi müharibənin başlaması üçün başlıca səbəblərdir. Amma Rusiya bu proseslərdən hərbi əməliyyatlara başlamadan geri çəkilməyi bacaracaq. Çünki Rusiya anlayır ki, hərbi əməliyyatlar ən son addımdır və bu addımın nəticələri Ukraynadan çox özü üçün ağır olacaq. Hazırda Rusiya Avropanın təzyiqlərinə enerji rıçağı ilə cavab verir. Bu da enerji məhsullarının qiymətində artıma gətirib çıxardır. Bu proses iqtisadi tərəflə yanaşı, siyasi baxımdan Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Cənubi və Şərqi Avropa dövlətlərinin enerji təchizatında, xüsusilə, mavi qaz təchizatında Azərbaycan əhəmiyyətli rola sahibdir. Rusiyanın neft ixracını azaltması və yaxın gələcəkdə qaz ixracı məsələsinə də yenidən baxma məsələsinin gündəmdə olması Azərbaycanın Avropa üçün rolunu daha da artırmış olacaq. Hazırda Azərbaycan etibarlı, eyni zamanda güclü bir tərəfdaş kimi beynəlxalq aləmdə kifayət qədər yüksək nüfuza sahibdir”.

Aydın Nuri

 

OXŞAR XƏBƏRLƏR