Rusiya Azərbaycanla münasibətlərinə xüsusi qiymət verir. AZXEBER.COM-un məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, hazırda Orxan Zeynalovun məsələsi tam hüquq normaları çərçivəsindədir: "Biz məhkəmənin çıxardığı qərardan asılı olmayaraq bütün hər şeyi edəcəyik ki, bu epizod iki ölkə arasındakı münasibətlərə, Rusiyada işləyən və bizim ölkəmiz üçün xeyli vacib işlər görən azərbaycanlılara olan isti münasibətə təsir etməsin. Biz məhkəmənin hökmünü gözləyirik və əminik ki, məhkəmə ədalətli qərar qəbul edəcək".
Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb. Hadisə baş verən gündən sonra Moskvada Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.