Rusiya-Ukrayna sərhədində gömrük nəzarəti yenidən gücləndirilib, yüklərin rəsmiləşdirilməsi 15 günə kimi çəkə bilir.
ANS PRESS bu barədə Ukrayna Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının saytına istinadən bildirir.
"Qeyri rəsmi məlumatlara görə, Ukraynadan Rusiya Federasiyasının ərazisinə daşınan mallara gömrük nəzarəti və rəsmiləşdirmə prosedurlarının keçirilməsində dəyişiklik baş verib",- deyə təşkilatın saytında bildirilir.
28 yanvar 2014-cü il tarixdən tətbiq edilən nəzarət tədbirlərinə görə, gömrük nəzarəti zamanı mallara 100%-lik baxış keçirilə bilər. Həmçinin gömrükçülər malın qiymət sənədini və sertifikatını yoxlamaq üçün Moskvaya Mərkəzi Gömrük İdarəsinə göndərə bilərlər. Assosiasiyasının fikrincə, malın gömrük rəsmiləşdirilməsi bununla da 10-15 iş gününə qədər uzana bilər.
Durum 2013-cü ilin avqust ayını təkrarlaya bilər. Onda iki ölkə arasında demək olar ki, bütün Ukrayna ixracatçıları üçün vəziyəyyəti çətinləşdirən gömrük rejimi tətbiq edilirdi.