Rusiya ilk dəfə Ukraynada uçan minasını sınaqdan keçirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, rus ordusu ilk dəfə olaraq ən müasir silahlardan istifadə etməyə başlayıb. Rusiyanın yeni kəşfi olan "sıçrayan bomba" kimi təsvir edilən ağıllı mina ilk dəfə Ukrayna müharibəsində ortaya çıxıb. Uçan tank əleyhinə mina "PTKM-1R” 30 metr hündürlükdən özünü ataraq, havadan partlayıcıları tanklara atır.
Hədəfi yerdə skan etmək xüsusiyyətinə malik olan bu mina yaxınlaşan avtomobillərin səslərini tanıyan və bu səsləri yaddaşındakı hədəflərin siyahısı ilə müqayisə edən sensorlarla təchiz edilib.
Mina 100 metr aralıda zirehli maşını aşkarlaya bilir. Hədəf kifayət qədər yaxınlaşdıqda mina havaya qalxır və bir neçə saniyə ərzində tanka dəyir.
Britaniyanın Daily Telegraph qəzetinə danışan ekspertlər ilk dəfə Ukrayna müharibəsində görülən "PTKM-1R”-nin texniki xüsusiyyətləri ilə ABŞ-ın geniş ərazidə istifadə üçün istehsal etdiyi "M93 Hornet” minasına bənzədiyini bildirib.
Hərbi ekspertlər qeyd edirlər ki, zirehli texnikanın texnologiyası təkmilləşdikcə və tanklar möhkəmləndikcə, tank əleyhinə silah sistemləri də təkmilləşdirilir.
Ayşən Mirzəyeva