Rusiya hökuməti Dövlət Dumasına Rusiya Daxili İşlər Nazirliyi (DİN) ilə regional və bələdiyyə təhsil idarələri arasında miqrantların uşaqlarına dair məlumatların ötürülməsi mexanizminin tətbiqini təklif edən qanun layihəsi təqdim edib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, sənəd Dumanın məlumat bazasında yerləşdirilib.
Dəyişikliklər bir sıra federal qanunlarda nəzərdə tutulub. "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanunda təklif edilir ki, regional və bələdiyyə təhsil idarələri miqrantların uşaqlarının rus dili biliklərinin test nəticələrinə, onların məktəb və kolleclərə qəbuluna və ya onlardan kənarlaşdırılmasına dair məlumatları DİN-ə göndərmələri norması təsbit edilsin.
DİN isə miqrant uşaqların yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyat uçotundan çıxarılması ilə bağlı məlumatları regionlara ötürəcək.
Bundan başqa, əcnəbi vətəndaşların uşaqlarını uşaq bağçasına qəbul edərkən onlardan uşaqda başqaları üçün təhlükə yaradan yoluxucu xəstəliklərin olmadığı barədə tibbi arayış tələb olunacaq.