Rusiyalı şahmatçı Pasxa bayramını Gəncədə qeyd etdi
İDMAN
11:00 25.04.2014
1385
Rusiyalı şahmatçı Sergey Karyakin Pasxa bayramını Gəncədəki Aleksandr Nevski kilsəsində qeyd edib. Dünyanın ən tolerant ölkələrindən olan Azərbaycanda pravoslavlar hər il dini bayramları - Pasxanı qeyd edirlər.ANS PRESS-in verdiyi məlumata görə, Pasxa Gəncədəki Aleksandr Nevski kilsəsində də qeyd olunub.Gəncədə Pasxa bayramına yerli xristianlarla yanaşı, digər ölkələrdən gələn pravoslav inanclı qonaqlar da qatılıblar. Onların arasında ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları da olublar.“Shamkir Chess 2014” turnirinin qonaqlarından Pasxa bayramında pravoslav kilsəsini ziyarət etmək istəyənlər də Gəncəyə üz tutublar. Sürətli şahmat üzrə dünya çempionu, Rusiyanı təmsil edən Sergey Karyakin də gələcək həyat yoldaşı ilə Gəncədəki Aleksandr Nevski kilsəsinə gəlib.S.Karyakin təəssüratlarını bölüşərkən deyib: “Mən çox şadam ki, bu gün Vətənimdən uzaqda olsam da, Azərbaycanda bu bayramı qeyd etmək imkanı əldə etmişəm. Burada görürəm ki, ruslar, pravoslavlar çox azad şəkildə ibadətlərini həyata keçirirlər. Bu, sizin ölkənizin yüksək mədəniyyətinin göstəricilərindən biridir”.Ukraynanın Simferopol şəhərində anadan olan Sergey Karyakin 2009-cu ilədək bu ölkəni təmsil edib. O, 2009-cu ildə Rusiya vətəndaşlığı alıb və həmin vaxtdan bu ölkənin şahmat şərəfini qoruyur. İyirmi dörd yaşlı Karyakin FİDE-nin ən güclü şahmatçıları siyahısında beşincidir. O, həmçinin 12 yaşında qrossmeyster adı qazanaraq Ginnes Rekordlar Kitabına düşüb.