Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini Viktor Vodolatski bildirib ki, Gürcüstan, Ermənistan və Azərbaycan Avropa İttifaqı və Avropa ölkələrinin xüsusi xidmət orqanlarının dağıdıcı siyasətinin hədəfindədir.
Deputatın sözlərinə görə, bu siyasət postsovet ölkələrində mövcud insan dəyərlərini və tarixi kökləri məhv etməyi hədəfləyir. Vodolatski əlavə edib ki, Ermənistan və Azərbaycan da bir vaxtlar Ukraynanın "aşağı yuvarlanmasına” səbəb olan eyni təsirlərə məruz qalacaq və Ukraynadakı proseslər digər ölkələr üçün nümunə olmalıdır.
Politoloq Zeynal Əmrəliyev AZXEBER.COM-a deyib ki, verilən bəyanatda Ukraynanın dövlətçiliyi məsələsinə toxunulub və bu, bir sıra maraqlı məqamları gündəmə gətirib:
"Burada Ukraynanın dövlətçiliyi məsələsinə toxunulub. Ukraynanın dövlətçiliyinə ən böyük zərbəni vuran elə Rusiyanın özü olub. Uzun illərdir Rusiya bu ölkədə işğalçılıq siyasəti aparır və faktiki olaraq Ukrayna ərazilərinin bir hissəsini nəzarətdə saxlayır. Buna baxmayaraq, məsuliyyəti başqa dövlətlərin üzərinə atmaq tamamilə yanlış addım kimi qiymətləndirilir”.
Ekspert bildirib ki, Azərbaycanın daxili işlərinə hansısa üçüncü tərəfin təsir göstərməsi mümkün deyil:
"Azərbaycanın, Ukraynanın və Gürcüstanın eyniləşdirilməsi isə nə diplomatik, nə də siyasi baxımdan müsbət addım sayılır. Azərbaycanda iqtidar və xalq arasında möhkəm birlik mövcuddur və bu birliyi pozmağa heç bir xarici qüvvənin gücü çatmaz. Onların qonşu Gürcüstanda da oxşar cəhdləri nəticəsiz qaldı. Ermənistanda isə parlament seçkiləri ərəfəsində prosesi yekunlaşdırmaq istəyirlər. Amma bu mümkün olmayacaq. Çünki kifayət qədər problem yaradacaq bir mövzudur”.
Politoloq qeyd edib ki, rusiyalı deputatın açıqlaması bir daha Rusiyanın hegemon mövqeyini qorumaq istədiyini ortaya qoyur:
"Rusiyanın imperiya siyasətindən əl çəkmədiyini nümayiş etdirir. Təhdid dili artıq öz təsirini itirib. Rusiya üçün daha səmərəli yol region ölkələri ilə əməkdaşlığı gücləndirməkdir. Əks halda, məsuliyyətsiz bəyanatlar vəziyyəti yalnız daha da gərginləşdirir”.
Şahanə Ziyad