“Rusiyanın Azərbaycana qarşı hibrid hücumları heç bir nəticə verməyəcək”

“Rusiyanın Azərbaycana qarşı hibrid hücumları heç bir nəticə verməyəcək”
SİYASƏT
15:11 19.02.2026
314
Son günlər sosial mediada Azərbaycana, xüsusilə də Prezident İlham Əliyev və onun ailəsinə qarşı aparılan kampaniya ciddi narahatlıq doğurur. Bu proses təsadüfi çıxışların toplusu deyil, Rusiya tərəfindən planlı şəkildə həyata keçirilən hibrid təsir və informasiya hücumlarının bir hissəsi kimi qiymətləndirilir. 

Məqsəd ölkənin daxili sabitliyinə və beynəlxalq mövqeyinə zərbə vurmaq, ictimaiyyətdə çaşqınlıq yaratmaqdır.

Xaricdə yaşayan bloger Mehman Hüseynov və onun qardaşı Emin Hüseynov son günlər sosial şəbəkələrdə səsləndirdikləri suallar və ittihamlarla geniş müzakirə olunublar. Bu iddiaların təxribat xarakterli olduğu, fakt və hüquqi əsaslarının olmadığı aydın görünür. Məqsəd onların şəxsi mövqeyindən çox, xarici təsir vasitəsi kimi istifadə olunmasıdır. Gözlənilən təsir əldə edilmədiyi halda, növbəti mərhələdə Rusiyada yaşayan digər tanınmış azərbaycanlı şəxslərin də kampaniyaya cəlb olunması planlaşdırılır.

Münxendə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya verilən təxribatçı sual isə bu prosesin açıq nümunəsi oldu. Sual verən şəxs ictimaiyyətin diqqətini yanlış istiqamətə yönəltməyi və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyi hədəfləyirdi. Prezidentin səbr və dəqiq cavabı isə belə təxribatların heç bir nəticə vermədiyini göstərdi.

Siyasi şərhçi Azər Həsrət AZXEBER.COM-a açıqlamasında deyib ki, Rusiyanın Azərbaycana qarşı çirkli kampaniyaları hər zaman olub:

"Rusiyanın Azərbaycana qarşı çirkli kampaniyaları hər zaman olub və bundan sonra da davam edəcək. Çünki dövlətimizin müstəqil siyasət yürütməsi, xüsusilə də Prezident İlham Əliyevin Rusiya ilə hesablaşmadan müstəqil Azərbaycanı dünyaya tanıtması, əlbəttə ki, Moskva tərəfindən həzm oluna bilmir. Buna görə də onlar xüsusilə prezidentin özünü və ailəsini hədəf alan çirkin kampaniyalar aparırlar.
Təbiidir ki, bu kampaniyalar bizi yolumuzdan çəkindirə bilməyəcək. Nə prezident İlham Əliyev və onun ailəsi, nə də Azərbaycan xalqı Rusiyanın bu iyrənc kampaniyaları qarşısında geri addım atacaq. Azərbaycanı heç kəs haqlı yolundan döndərə bilməz”.

Ekspert deyib ki, Hüseynov qardaşları özlərini xarici qüvvələrə ucuz qiymətə satıb:

"Kreml tərəfindən ortaya atılan Mehman və Emin Hüseynov qardaşlarını Azərbaycan cəmiyyəti, xüsusilə ictimai-siyasi sferada olan insanlar  yaxşı tanıyırlar. Hüseynov qardaşları ruhunu şeytana satan ailənin üzvləridir. Onlar daim anti-Azərbaycan mövqeyi ilə seçiliblər və özlərini Rusiya kimi xarici qüvvələrə satıblar. Bu şəxslər müəyyən dairələrin əlində alətə çevriliblər və bu gün də ucuz vasitə kimi istifadə olunurlar”.

A.Həsrət vurğulayıb ki, belə kampaniyalar heç bir nəticə verməyəcək:

"Rusiya nə etsə belə, istər sülh məsələsində, istərsə də digər məsələlərdə, Azərbaycan öz müstəqil mövqeyini qoruyub saxlayacaq. Əgər kimsə Azərbaycanın bu yoldan döndərilə biləcəyini düşünürsə, boşuna özlərini yormasınlar”.

Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR