"Əvvəla, nəzərə almaq lazımdır ki, Azərbaycanda "Rus evi"nin bağlanmasını zəruri edən amillərdən biri odur ki, bu mərkəz Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərməyib. Qeydiyyatını tamamlamamış bir şəkildə burada fəaliyyət göstərirdi. Digər bir tərəfdən "Rus evi"nin fəaliyyəti ilə bağlı cəmiyyətdə də narazılıqlar var".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov son günlər müzakirə predmetinə çevrilən, Azərbaycanda fəaliyyətinə qadağa qoyulan Rusiyanın "Rossotrudniçestvo” agentliyinin (Rus evinin) fəaliyyətinə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, "Rus evi"nin ölkəmizdə fəaliyyəti lazımsız idi:
"Çünki onsuz da Azərbaycan-Rusiya münasibətləri kontekstində bizdə rus dili ilə bağlı müəyyən təhsil obyektlərimiz var ki, orada rus dilində tədris həyata keçirilir, həmçinin ölkəmizdə Rus dram teatrı fəaliyyət göstərir. Belə olan təqdirdə, qaldı ki, "Rus evi"nin Bakıdakı fəaliyyətinin nədən ibarət olmağı. Ümumiyyətlə, belə bir mərkəzin Azərbaycanda mövcud olmağı lazımsız idi. Bu baxımdan da, artıq "Rus evi"nin ölkəmizdə fəaliyyətinə heç bir halda gərək yoxdur. Təbii ki, "Rus evi"nin rəhbəri Primakovun da Azərbaycanla bağlı verdiyi dırnaqarası açıqlamalar və həmçinin boğazdan yuxarı fikirləri də bir daha göstərir ki, bu mərkəzin ölkəmizdə bundan sonra fəaliyyəti üçün heç bir əsas yoxdur".
O bildirib ki, Rusiyanın Azərbaycana olan əsl münasibətini AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra daha aydın gördük:
"Digər bir formada Azərbaycan Rusiyayla münasibətlərdə həmişə dürüst və səmimi davranıb. Bizim Rusiyadan da gözləntimiz ondan ibarət olub ki, davrandığımız kimi Rusiya da Azərbaycanla bağlı siyasətində dürüst olsun və eyni zamanda Azərbaycana yanaşmasında səmimi mövqe nümayiş etdirsin. Amma təəssüflər olsun ki, AZAL təyyarəsinə qarşı baş verən hadisədə biz bir daha gördük ki, Rusiyanın Azərbaycanla bağlı siyasəti, yanaşmaları əsla reallığa uyğun deyil. Rusiya bu günə qədər Azərbaycandan normal bir şəkildə üzr istəyib, hadisəni törədənləri cəzalandırıb, zərər çəkənlərə kompensasiya ödəmək əvəzinə hakim partiya deputatlarının dili ilə Rusiya mediasında Azərbaycan əleyhinə dezinformasiya kampaniyası aparıb. Əlbəttə ki, bütün bunlar həm cəmiyyətimizdə antipatiyanı gücləndirir, həm də Azərbaycan-Rusiya münasibətlərindəki soyuqluğu dərinləşdirir".
Mikayıl Mirzəzadə