"Rusiyanın Polşa hava sərhəddini pozması, NATO-ya hücumdur"

"Rusiyanın Polşa hava sərhəddini pozması, NATO-ya hücumdur"
SİYASƏT
14:45 10.09.2025
227
"Rusiya PUA-larının bir gecədə Polşanın hava məkanını pozaraq hücum xarakterli əməliyyatlar həyata keçirməsi, əslində, Qərbin Ukraynaya olan logistika dəstəyini hədəfə almaq məqsədi daşıyır".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsəddulazadə Rusiyanın Polşaya hücumu ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukraynaya silah və hərbi yardım əsasən Polşa üzərindən daxil olur və bu səbəbdən də Moskva həmin marşrutları hədəf seçib:

"Əgər ABŞ başda olmaqla NATO ölkələri bu hücuma sərt reaksiya verməsə və sadəcə bəyanatlarla kifayətlənsə, Rusiya növbəti mərhələdə Polşa ərazisində Ukraynaya göndərilən silah anbarlarını və logistika yollarını vura bilər." – deyə Əsəddulazadə bildirib.

Siyasi şərhçinin fikrincə, Moskvanın bu addımı həm də NATO-nu parçalamaq və Şərqi Avropanı nəzarət altına almaq məqsədi güdür:

"Rusiya prezidentinin belə riskli addım atmasının arxasında ABŞ prezidenti Donald Trampın ona loyal yanaşması və Alyaska görüşünün nəticələri dayanır. Moskva Polşanı hədəfə alaraq NATO-nu zəiflətmək, Şərqi Avropada təsirini artırmaq istəyir. Göründüyü kimi, Rusiya hücum edir, Qərb isə müdafiədə dayanaraq Putini dialoqa çağırmaqla kifayətlənir. Tramp nə Polşanı, nə də Avropanı müdafiə etmək niyyətindədir. O, NATO-nun 5-ci maddəsinin tətbiqinə də maraqlı görünmür. Tramp üçün əsas prioritet İsrailin təhlükəsizliyidir, çünki hakimiyyətə gəlməsində yəhudi lobbisinin rolu böyükdür."

Bununla belə, Əsəddulazadə hesab edir ki, proseslər Putinin planlaşdırdığı ssenari üzrə getməyəcək:

"Vaşinqtonun öz geosiyasi maraqları var və Tramp buna görə məcbur qalacaq. Putinin Polşanın hava məkanını pozması əslində, onun öz ayağına güllə vurmasıdır. Bu hadisə Zelenskinin təhlükəsizlik zəmanətləri ilə bağlı mövqeyinin haqlı olduğunu bir daha göstərdi. Hadisələr göstərir ki, Putin yalnız Ukrayna ilə kifayətlənməyəcək, digər Avropa ölkələrini də hədəfə alacaq. Bu isə Avropanın təhlükəsizliyini ciddi şəkildə təhdid edir."

Şərhçinin qənaətinə görə, baş verənlər NATO-nun mövqeyini gücləndirəcək və Ukraynaya hücum xarakterli silahların verilməsi ilə nəticələnə bilər.

"Əgər Qərb Rusiyanın dərinliklərinə kütləvi hücumlara başlasa, Moskva Polşa və Baltikyanı ölkələrdə hərbi hədəfləri vura bilər. Rusiya Polşaya hücum etməklə bir daha göstərir ki, Ukraynaya ciddi hərbi dəstək olunmazsa, Şərqi Avropa Putinin əsas hədəfinə çevriləcək." – deyə Əsəddulazadə vurğulayıb

OXŞAR XƏBƏRLƏR