Rusiyanın Ukrayna ilə bağlı planları nədir? - Ukrayna Qara dənizə çıxışı olmayan ölkəyə çevriləcək

Rusiyanın Ukrayna ilə bağlı planları nədir? - Ukrayna Qara dənizə çıxışı olmayan ölkəyə çevriləcək
DÜNYA
21:22 20.04.2022
791
Rusiyanın Ukrayna ilə bağlı gələcək planları dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynada başlatdığı müharibənin 56-cı günündə yenidən Donbasa doğru getdiyini bildirsə də, Kiyevi bombalamağa davam edir.

Ötən həftə Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı olan "Moskva” kreyserinin Neptun raketləri ilə vurulması və gəminin batması ilə bağlı açıqlaması bütün gündəmi dəyişib. Rusiya tərəfi gəminin raket hücumu ilə deyil, sursat partlaması nəticəsində batdığını bəyan edib. Digər tərəfdən, Rusiya Donbasa çəkildiyini desə də, Ukraynanın Qara dənizlə əlaqəsi olan şəhərlərinin bombalanması bəzi suallar doğurur.

Rusiyanın Ukraynaya hücumu Qara dənizin geosiyasətinə, eləcə də ikiqütblü dünya nizamına təsir edir. Bəs Rusiyanın Qara dəniz planı nədir? 

Rusiya və Qafqaz regionu üzrə tədqiqatlar eksperti professor Kamer Kasım deyir ki, Rusiya Odessanı alsa, Ukrayna Qara dənizə çıxışı olmayan bir ölkəyə çevriləcək:

"Ukrayna üçün bu, təkcə strateji itki deyil, onu iqtisadi baxımdan çox çətin vəziyyətə salacaq bir addımdır. Burada kritik nöqtə Odessadır. Rusiyanın Kiyevdəki uğursuzluğu və çox ciddi itkiləri onu Donbas bölgəsinə yönəldib. Rusiya Donbas və Krımı birləşdirmək üçün aradakı bütün şəhərləri almaq istəyir”.

Kamer Kasım Rus gəmisinin batması səbəbiylə Rusiyanın itkilərinin artması və hələ də istənilən nöqtəyə çata bilməməsi səbəbindən aqressivliyini artıracağını ifadə edib:

"O gəminin dəyəri içindəki silah sistemləri ilə az qala 1 milyard dollar idi. Gəminin yeni versiyasını yaratmaq uzun illəri ala bilər”.

Kamer Kasım Türkiyənin Qara dəniz bölgəsindəki donanması baxımından güclü ölkə olsa da, bölgədə Rusiya ilə tək qalmaması lazım olduğunu qeyd edib:

"Əgər Qara dəniz sahili Rusiyaya keçərsə, Türkiyə onu tarazlaşdırmaq üçün digər sahilyanı ölkələrlə sıx əməkdaşlıq etməlidir. Həmçinin Türkiyə NATO üzvüdür və artıq Qara dənizdə lazımi potensialı yaradıb”.

Onu da qeyd edək ki, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin beynəlxalq əlaqələr üzrə eksperti Doğacan Başaran deyib ki, Rusiya Ukraynanı quru dövlətə çevirərək tədarük zəncirini çətinliyə salmağa çalışır.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR