Belə ki, Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, Gürcüstan Rusiya Federasiyasına qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulur.
Bəs Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, eyni zamanda Qondarma Cənubi Osetiya Respublikası Rusiyanın tərkibinə daxil olmaq üçün referenduma hazırlaşdığını bildirdiyi bir vaxtda Gürcüstan Rusiyaya qarşı sanksiya tətbiq edərsə, bu, ümumi vəziyyətə necə təsir edəcək? Qafqazda yeni müharibə başlaya bilərmi?

Politoloq Zərdüşt Əlizadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, Gürcüstan Rusiyaya sanksiya tətbiq etsə, bu Gürcüstan üçün böyük təhlükə ola bilər:
"Gürcüstanın Rusiyaya sanksiyalar tətbiq etməsi Rusiyaya hər hansı ziyan verməz. Gürcüstan balaca, zəif ölkədir. Onun sanksiyaları, hərəkətləri Rusiya üçün əhəmiyyətsizdir. Gürcüstan sanksiya tətbiq etsə, Rusiya Gürcüstan üçün böyük təhlükə ola bilər”.
Politoloq həmçinin qeyd edib ki, bu məsələlərin kökündə Rusiyanın imperialist maraqları durur və Putin hakimiyyətdən getdikdən sonra bütün məsələlər həllini tapacaq:
"Bütün bu qanunsuz hərəkətlərin, referendumların, işğalların hamısının əhəmiyyəti bir halda itəcək – Putin hakimiyyətdən getdikdən sonra. Bundan sonra Osetiya da, Abxaziya da quzu balası kimi Gürcüstana, Kreml, Donetsk, Luqanst isə Ukraynaya qayıdacaq. Bunlar hamısı Putinin imperialist siyasəti nəticəsindədir. Bundan sonra ola bilər ki, Rusiyada ədalətli, saf seçkilər də keçirilsin. Rusiya böyük xalqdır və böyük dövlətdir, ola bilər ki, hakimiyyətə ağıllı vətənpərvər insanlar gəlsin. Yəni hər şey Putindən asılıdır. Putin hakimiyyətdə olduğu müddətdə isə təhlükə davam edəcək”.

Politoloq Tural İsmayılov da AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, Gürcüstan istəməsə belə, Rusiya əleyhinə sanksiyalara qoşulmaq məcburiyyətində qalıb:
"İlk günlərdə Gürcüstanın Rusiya ilə bağlı sanksiyalara qoşulmamaqla bağlı qərar böyük etiraza səbəb olmuşdu. Nəzərə almaq lazımdır ki, hətta Ukrayna məsləhətləşmələr üçün Gürcüstandakı səfirini geri çağırmışdı və bu, Gürcüstan-Ukrayna münasibətlərinin zədələnməsinə səbəb olmuşdu. Çünki "Maydan hərəkatı”nı qızışdıran Qərb imperializmi daha əvvəl 2008-ci ildə Gürcüstanda eyni ssenarini həyata keçirə bilmişdi. Bu, hər iki ölkədəki vəziyyəti qəlizləşdirən sistemin içərisində mübarizəyə səbəb olmuşdu. Yəqin ki, beynəlxalq fondlar tərəfindən də yaxşı qarşılanmamışdı.
Əslində Gürcüstanın ilk dövrlərdə atdığı addım geopolitik situasiyanı düzgün dəyərləndirməyin göstəricisi idi. Məhz geopolitik situasiyanı Gürcüstan düzgün dəyərləndirdiyi üçün Rusiyaya qarşı sanksiyalara qoşulmamışdı. Lakin Qərbdəki beyin mərkəzləri və siyasi institutlar tərəfindən özəlliklə Ukraynanın Gürcüstana etirazından sonra Gürcüstanın qarşısında ola bilsin ki, hansısa tələb qoyulub. Gücüstanla münasibətlərin gələcəkdə zədələnməsi ilə bağlı siqnal verilib. Gürcüstan da heç bir formada hazırki dövrdə Qərblə münasibətlərini zədələmək istəmir. Bu baxımdan mən düşünürəm ki, hətta istəməsə belə, Gürcüstan Rusiya əleyhinə sanksiyalara qoşulmaq məcburiyyətində qalıb”.
Politoloq həmçinin qeyd edib ki, Gürcüstan-Rusiya münasibətləri bundan sonra daha da gərgin vəziyyətə keçə bilər:
"Bu sanksiyaların Gürcüstan üçün heç bir müsbət nəticəsi yoxdur. Ümumilikdə, regiondakı münasibətlərin normallaşması üçün Azərbaycan və Türkiyə prezidentləri tərəfindən "3+3” platforması irəli sürülüb ki, bu platformada Gürcüstan da təmsil olunmaqla Rusiya ilə münasibətlərini normallaşdıra bilərdi. Eyni zamanda Gürcüstanda olan separatçılıq meylləri də bəlkə də bu danışıqlar fonunda gələcəkdə daha da yaxşılaşa bilərdi. Bu baxımdan indiki situasiyada, özəlliklə Osetiya və Abxaziyadakı separatizm nöqteyi-nəzərindən Gürcüstanın bu addımının təhlükəli olduğunu düşünürəm. Bütövlükdə isə, Rusiya-Ukrayna gərginliyi fonunda Gürcüstan-Rusiya münasibətləri də gərgin vəziyyətdən daha da gərgin vəziyyətə keçə bilər ki, bu da istənilən halda Osetiya və Abxaziyadakı separatçılığın kökünü tez bir zamanda kəsmək perspektivlərini də aradan qaldırmış ola bilər”.
Aydın Nuri