Rövşən Lənkəranski kimdir? – HƏYATI

MARAQLI
00:34 19.01.2013
7584

Rövşən Lənkəranski – onun adı mətbuatda tez-tez hallanır. Amma iki gün öncə yanvarın 16-da Rusiyada (Kremlin yaxınlığındakı “Karetnıy dvor” restoranının girişində) güllələnərək öldürülən “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın qətli ilə yenidən gündəmə gəldi. Əlbəttə, Lənkəranskinin bu qətldə əlinin olub-olmadığını istintaq dəqiqləşdirə bilər. Bizə isə istənilən halda maraqlıdır:Rövşən Lənkəranski kimdir?

Caniyev Rövşən Rafiq oğlu (Rövşən Lənkəranski). 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da qeydiyyatdadır. Astara rayon xalq məhkəməsinin 15.10.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi il 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail rayon məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Rövşən Caniyev cinayət məsuliyyətindən azad edilib. 2002-ci ildə isə Rövşən Caniyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci il tarixdə axtarış elan olunub. 2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

2010-cu ildə dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o azadlığa çıxıb.

Yeri gəlmişkən, Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı məhkəmə qarşısına buna görə də çıxarılıb.

Rusiyada yaşayan Rövşən Lənkəranskinin “Ded Xasan”ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə – Dubaya getdiyi deyilir. Amma deyilir, təbii ki, harada olduğu dəqiq məlum deyil…

OXŞAR XƏBƏRLƏR