Gürcüstanın baş naziri ölkə başçısının son səfərlərinin Xarici İşlər Nazirliyi ilə razılaşdırılmadığını bildirir
Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident Mixail Saakaşvilinin son bəyanatları və fəaliyyəti ilə bağlı xüsusi bəyanat yayıb. ANS PRESS-in "Regnum"a istinadən verdiyi məlumata görə, baş nazirin bəyanatında deyilir ki, Gürcüstan hökuməti ölkənin Avropa və Avroatlantik inteqrasiya və regionda sülhün bərqərar olma prosesinin sürətlənməsinə istiqamətlənmiş səylərini davam etdirir. Bu məqsədlə hökumət Avropa Birliyi və NATO qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Eyni zamanda dost ölkələr- Azərbaycan, Ermənistan, Türkiyə və Ukrayna ilə qarşılıqlı münasibətləri möhkəmləndirir. Rusiya ilə əlaqələrin normallaşması istiqamətində addımlar atır. "Bu səylərin fonunda Gürcüstan prezidentinin sonuncu məsuliyyətsiz bəyanatları və fəaliyyəti bu istiqamətlərdə Gürcüstan hökumətinin kursuna ziddir. Ölkənin beynəlxalq prestijinə zərbə vurur. Yeni hökumətə əlavə daxili və xarici problemlər yaradır”,- deyə Gürcüstan hökumət başçısı Bidzina İvanişvilinin bəyanatında bildirilir. Bidzina bununla Gürcüstan hökuməti adından dünya ictimaiyyəti və qonşu ölkələrdən Saakşvilinin bu cür bəyanatları ucbatından yaranan xoşagəlməz vəziyyətə görə üzr istəyir. Gürcü baş nazir hesab edir ki, Gürcüstan hökuməti gələcəkdə də müvafiq hadisələrdən sığortalanmayıb: “2013-cü ildə prezident seçkilərinə qədərki vaxt ərzində Mixail Saakaşvili şəxsi məsuliyyəti altında fəaliyyət göstərəcək. Onun səfərləri Xarici İşlər Nazirliyi ilə razılaşdırılmır. Bəyanatları isə Gürcüstan hökumətinin mövqeyini ifadə etmir”.