Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün imtahan keçirilir. Elan edilmiş 2000-ə yaxın vakant yerin ilkin olaraq, yalnız 100-nə işə qəbul üçün 150 nəfər müraciət edib.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məlumata görə, ilk imtahan sabah saat 10.00-da Bakıda keçiriləcək. Müsabiqə iki mərhələli olacaq. Müsabiqənin ilk mərhələsində-test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.Nazirlik rəsmisinin sözlərinə görə, müraciət edənlərin yalnız bir qismi sabah imtahan verəcək. Namizədlərin bir hissəsi isə aprelin 2-də imtahan verəcək. İlk imtahanın nəticələri martın 29-da açıqlanacaq. Aprelin 2-də də imtahan keçirildikdən sonra II mərhləyə buraxılmış namizədlərə müsahibənin vaxtı barədə məlumat veriləcək.Namizədlərin daha çox Bakıdakı tibb müəssisələrindəki vakanat yeriləri seçdikləri bildirilir.