Xəbər verdiyimiz kimi, "Sabah" futbol klubu uşaq futbolunun davamlı inkişafını təmin etmək məqsədilə 10 milyon manatlıq yeni proqram yaradacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə "Sabah" FK-ya UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə beş milyon manat maliyyə dəstəyi ayrılıb.
"Sabah" FK isə bu vəsaitə əlavə olaraq öz vəsaitindən beş milyon manat ayırmaq qərarına gəlib.
Beləliklə, "Sabah Football Academy Future Talents" - "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" proqramının ilkin kapitalının 10 milyon manat olması nəzərdə tutulur.
Klubun açıqlamasına görə, əsas məqsəd bu vəsaiti xərcləmək deyil, qorumaq və artırmaqdır. Vəsaitin peşəkar şəkildə idarə olunaraq gəlir gətirməsi və əldə edilən gəlirin uzunmüddətli perspektivdə gənc futbolçuların inkişafına yönəldilməsi planlaşdırılır.
Bundan əlavə, bu il UEFA Çempionlar Liqasında keçiriləcək oyunlarda bilet satışından əldə olunan vəsaitin müəyyən hissəsinin də proqrama yönəldilməsi nəzərdə tutulur.
Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, çox ciddi bir addımdır:
"Bu, çox ciddi bir addımdır. Bu addımı dəstəkləyirəm. Bütövlükdə komandalar uşaq futboluna pul ayırmalıdır. Bununla bağlı bir neçə dəfə məsələ də qaldırılıb ki, UEFA-nın verdiyi vəsaitin müəyyən hissəsi uşaq futboluna sərf olunsun. "Sabah”ın atdığı addım çox doğru yanaşmadır və vəsaitin daha məqsədyönlü xərclənməsinə kömək edəcək”.
Deputat qeyd edib ki, futbol akademiyaları dirçəlməsə, çox çətin olacaq:
"Futbol akademiyaları dirçəlməsə, çox çətin olacaq. Azərbaycanda İskəndər Cavadov adına akademiyanın diqqətdən kənarda qalması uşaq futboluna böyük zərbə vurur. Həmin akademiyaya müəyyən mənada dəstək göstərilməlidir. Azərbaycanda uşaq futbolu ilə məşğul olanlar və onu sevənlər anlamalıdırlar ki, hər şey uşaq futbolundan başlamalıdır”.
Şahanə Ziyad











































