"Səbail RİH İctimai-Siyasi məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov parkda ağacların kəsilmədiyini bildirib. Əslində şikayət məktubumuzdə ağacların kəsilməsini foto faktla da təsdiqləmişdik. Yəni bununla bağlı şəkil də göndərmişdik. Göründüyü kimi yalan danışan biz deyilik. Həm də məsələ necə nəzarətdir ki, RİH-in bundan xəbəri yoxdur. Belə başa düşürük ki, qəsəbə nümayəndəliyi və yerli bələdiyyə Səbail RİH-ə səhv məlumat verib.
Hətta bir neçə sakin hasarlanan ərazidə kəsilən çoxəsirlik ağacın izinin itməsi üçün həmin yerin betonladığını da bildirib. Həmin yerin üzərinə də tarix həkk olunub. Bundan başqa parkın içində tikilən kafe məsələsinə gəlincə, bu haqda bələdiyyə nümayəndələrinə müraciət etdikdə bələdiyyə nümayəndələri kafenin yenidən qurulmasından xəbərsiz olduqlarını bildirmişdi. Həm də park kafe üçün tikilməyib. Sakinlər üçün tikilib. Lakin kafenin yaratdığı problemlərdən dolayı sakinlər, xüsusilə qadın və uşaqlar parkdan istifadə edə bilməyiblər.
Səbail RİH bu narahatçılığımıza niyə göz yumur? Kafe sahiblərinin təklifi niyə məhəllə sakinlərinin şikayətlərindən üstün olmalıdır ki? Hansı maraqlar üstün gəlir?
Biz parkın içindəki kafenin fəaliyyətini ilk gündən onsuz da dəstəkləmirik. Və məhəllə sakinləri bu kafedən istifadə də etməyib.
Öncəki məktubumuzda da qeyd edildiyi kimi, parkın içindəki kafe bizi çox narahat edir. Bu kafe həmişə narazıçılığımıza səbəb olub. Bir daha qeyd edirik ki, parkın içindəki kafedə dəfələrlə kişi-qadınların qeyri-etik davranışlarının şahidi olmuşuq. Sərxoşlar və s həmişə bizi narahat edib, rahatlığımıza manə olub. Onların səs-küyü, söyüşləri, qeyri-etik davranışları evimizin içinə qədər ayaq açıb. Kafenin fəaliyyətindən yaranan tüstü və s. də evimizin içindədir. Axı kafe ilə pəncərəmiz arasnda məsafə çox qısadır. Həm də natəmizlik hökm sürür. Nəticə olaraq parkdan səmərəli istifadə edə bilmirik.
Əvvəlki balaca kafenin verdiyi narahatlığı göz önünə alsaq "yeni plan”ın nələrlə nəticələnəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Bizdə olan məlumata görə, indiki kafe ikimərtəbəli kafe ilə əvəzlənəcək. Onsuz da narahat idik. İndi isə daha çox narahatıq. Pəncərənin də yaxınlığında kafe olar?
Parkda uşaqların əyləncəsi üçün şəraitin yaradılmasını da gözləyirik. Yelləncəklər və s kimi.
Məsələylə bağlı cənab prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktub ünvanlamışıq".
Xatırladaq ki, rayon icra hakimiyyətin rəsmisi İsrafil Kərimov AZXEBER.COM-a açıqlamasında deyib: "Yazıda adıçəkilən tikili uzun illər qabaq müvafiq sərəncamla Füzuli rayonundan məcburi köçkün olan şəhid ailəsinə verilib. Kafe Neftçilər prospektində yerləşən parkın içində yerləşir".