Sabir Rüstəmxanlının doğum gününə həsr olunan konfrans - FOTO

MƏDƏNİYYƏT
18:11 19.05.2014
6202
“Türk Dünyasının milli-mənəvi dəyərlərinin qorunmasında və təbliğində şair və yazarlarımızın rolu” mövzusunda toplantı keçirilib.AzNews.az-ın məlumatına görə, tədbir Azərbaycan xalq şairi, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının həyat və yaradıcılığına həsr olunub.Tədbirdə çıxış edən layihə rəhbəri, Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlı bildirib ki, layihə S. Rüstəmxanlının yaradıcılığı ilə başlayıb, digər türk və Azərbaycan yazarlarının təbliği ilə davam etdiriləcək: “Bu layihəyə atamla başladıq. Çünki onun doğum günüdür, amma tədbir silsilə xarakter alacaq. Məqsədimiz türk millətinin görkəmli şəxsiyyətlərinin, yazarlarının təbliği və gənc nəsilə aşılanmasıdır”.Atasının bütün şeirlərinə bəstələnmiş mahnıları bir araya toplayaraq, S.Rüstəmxanlıya doğum günü sürprizi edən Aydan Rüstəmxanlı bu layihəni davam etdirməkdə israrlı olduğunu da qeyd edib: “Sabir bəyin doğum günü əslində, sabahdır. Amma o sabah səfərdə olduğu üçün doğum gününü bu gün qeyd edirik. Bu gün həm də Atatürkün doğum günüdür, həm də gənclər günü kimi qeyd edilir. Bir daha atamı təbrik edirəm. Sağ ol ki, varsız, ata”.Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva S. Rüstəmxanlının yaradlıcılığından geniş danışıb. O, bildirib ki, “Çağdaş ədəbiyyatda azərbaycançılıq” mövzusu dissertasiya işi üzərində işləyərkən Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi şairlərin yaradıcılığına müraciət edib: “Allah yaratdığı insana doğulduğu torpağın taleyindən verir. Ona görə də bu şairlərin ruhunda başqa yozumun olması mümkün deyildi”.S.Vəliyeva Sabir Rüstəmxanlının “Gəncə qapısı” kitabından da danışıb: “Bu kitab çap olunana qədər Sabir Rüstəmxanlı tanınmış gənc şair idi. S.Rüstəmxanlının ruhu sərhədsizdir. Əlbəttə, deyə bilərəm ki, bizim xoşbəxt gəncliyimiz olub. Mənim tələbəlik illərim 1981-ci ildən başlayıb. Biz o zaman dərsdən qaçıb Sabir Rüstəmxanlı və digər gənc şairlərin poeziya gecələrinə gedirdik. Həsrət çəkirdik ki, görəsən, bu dəfə Sabir Rüstəmxanlı hansı şerini oxuyacaq. O zamanlar Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı üç dost idilər. Onların hər birinin yaradıcılığında üstünlük verdiyi mövzular var idi. Amma S.Rüstəmxanlı mütləq ana dilindən, vətənpərvərlik mövzusunda şeir deyərdi”.S.Vəliyeva deyib ki, elə bu şeirlər tez bir zamanda S. Rüstəmxanlının xalqın sevimlisi edib: “İnsanın evini İlahi tikməli, milləti qurmalıdır. Hər könüldə ev qurmaq hər şairə nəsib olmur, amma Sabir bəy bunu bacardı. Sovet hakimiyyəti illərində Azərbaycan dili dövlət dili olsa da, rus dili hakim idi. Tədbirlər bu dildə aparılırdı. O zaman keçirilən tədbirlərə təhlükəsizlik komitəsinin mülki geyimli şəxsləri də gəlirdi. Belə tədbirlərdə Sabir bəyə nə vaxt söz verilirdisə, o öz dilində danışırdı, hətta rusca danışanlara həqarət edən “Sağ ol, ana dilim” kimi çox cəsarətli şeirlər oxuyurdu. Əlbəttə bütün bunlara görə, ona müxtəlif təpkilər olurdu, lakin bu təpkilərə görə geri çəkilmək də yox idi”.Daha sonra S.Vəliyeva Sabir Rüstəmxanlının “Ömür kitabı”na həsr etdiyi “Sərhəd adamı” şeirini oxuyub.“Sabir Rüstəmxanlının yaradıcılığına baxdığımızda Türk dünyası və coğrafiyasının xəritəsini görmək mümkündür. Onun əsərləri Azərbaycan və Türkiyə ədəbiyyatının ən dəyərli incilərindəndir. Sabir Rüstəmxanlı demək olar ki, bütün həyatını türkçülük ideologiyalarının yayılmasına sərf etmiş bir insandır”. Bunu isə türkiyəli müğənni Əhməd Şəfəq Dəyirmi Masada çıxış edən zaman deyib.Müğənni daha sonra Azərbaycan gənclərinə öz tövsiyələrini də verib. “Türk dünyasının tarixində dərin iz buraxan “Difai” hərəkatının gənclərin oxumasını və araşdırmasını çox istərdim. Bu hərəkatın üzvləri Türk dünyasını yenidən necə təsis edə biləcəkləri haqqında düşünürdülər. Həmin şəxslərdən Əhməd bəy Ağaoğlu kimi düha şəxsiyyətin adını çəkmək olar. Mən hər yerdə Azərbaycan gəncliyini, Azərbaycanın istedadlı övladlarını tərifləyirəm. Bu övladlara tövsiyə edirəm ki, öz tarixlərini daha dərindən öyrənsinlər, araşdırsınlar və gələcəkdə çox böyük uğurlara imza atsınlar. Sabir Rüstəmxanlı da Azərbaycan gəncliyinin inkişaf etməsi üçün yüksək səviyyəli əsərlər yazıb. Onun əsərləri türklərin bir daha necə birləşəcəyinin xəritəsini çəkdi. Sabir Rüstəmxanlı tarixi ayağa qaldıran şəxsdir. O, həmçinin millətlə tarixi birləşdirmək fikrində olan bir insandır”.Azərbaycan Türkiyə Evinin nümayəndəsi Cahandar Bayoğlu Sabir Rüstəmxanlını millətin həm dərdini deyən, həm də onu müalicə edən ziyalı kimi xarakterizə edib.Şairin həyat yoldaşı, “Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, bu layihə davam edəcək və bütün türk dünyasının ziyalılarına həsr edəcək: “Mən Aydana dəstək olan bütün insalara təşəkkür edirəm. Xüsusilə, Sona Vəliyeva və Əhməd Şəfəqə".Sonda çıxış edən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qızı Aydanın təşkil etdiyi bu tədbirin onu kövrəltdiyini deyib: “Mənim bu işlərdən xəbərim yox idi. Hətta bura gələnə qədər bilməmişəm. Təşəkkür edirəm. Gənclərin çıxışı məni fərəhləndirdi. Aydanın özünə çox sağ ol deyirəm. Mən meydan hərəkatında milyonlarla insanın qarşısında çıxış etmişəm. 20 Yanvarda üstümüzə ordu gəlib, amma təşviş keçirməmişəm”.S.Rüstəmxanlı Azərbaycanda 1990-cı illərdə həyata keçirilən azadlıq hərəkatında iştirak etdiyini ifadə edərək, yazdığı şerlərlə bu hərəkatın üzvlərinə öz dəstəyini verdiyini söyləyib. “Mən 90-cı illərdə Azərbaycanda təşkil edilən azadlıq hərəkatında yaxından iştirak etmişəm. Bu hərəkatın üzvləri Azərbaycanın Rusiya əsarətindən çıxmasını və müstəqil siyasət yürüdən dövlət olmasını istəyirdi. Mən də öz yazdığım şerləri meydanlarda oxuyur və bu vətənpərvərlikdən bəhs edən əsərlərimlə hərəkat üzvlərinə dəstək olurdum. Ümumiyyətlə millətin güzgüsü olmayan ədəbiyyat heç kimə lazım deyil. Mən bütün şerlərimdə Azərbaycanın müstəqilliyini, onun suverenliyini hər zaman öndə tutmuşam. Müəllifi olduğum əsərlərdə Azərbaycanın bütövlüyü və onun inkişaf perspektivləri əsas mövzular sırasında olub. Mən xalqın şairiyəm və hər zaman da xalqıma xidmət edəcəyəm”.

OXŞAR XƏBƏRLƏR