Son günlər şəxsi həyatı ilə gündəmi zəbt edən müğənni Aygün Rəhimova daha bir ilkə imza atıb. Həmkarı Sabir Əhmədovla həftələrlə davam edən nişanını pozan müğənni, tanınmış meyxanaçı Namiq Qaraçuxurlu ilə tərəf-müqabili olacaq.
Bu barədə AZXEBER.COM-a ATV telekanalında izlənmə rekordlarını təzələyən "Toy gecəsi" serialının rejissoru Yaşar Əhmədov məlumatlandırıb: "Oscar production" olaraq beşinci aydır ki, tamaşaçı marağına səbəb olan serial ərsəyə gətiririk. Murad obrazı ilə özünü aktyor kimi təsdiqləyən N.Qaraçuxurlu kifayət qədər izləyici sevgisi qazanır. Komanda olaraq belə qərara gəldik ki, süjet xəttinə daha maraqlı hadisələr əlavə edək. Azərbaycanın tanınmış aktyoru, İrəvan Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev və estrada müğənnisi Aygün Rəhimovanı serialın 23-cü bölümünə əsas obrazları canlandırmağa dəvət etdik. Aygün Ləman adlı varlı bir iş xanımını, İ.Piriyev isə onun əmisi olaraq biznesmen Tahir Nuriyev obrazını canlandıracaq. Detalları açıqlamaq istəmirəm. Odur ki, martın 19-u saat 19.00-dan etibarən bütün oxucularımızı "Toy gecəsi"ni izləməyə dəvət edirəm".Məlumat üçün bildirək ki, Novruz bayramından sonra yaradıcı heyət serialda baş rol alan aktyorların iştirakı ilə kokteyl gecəsi təşkil etməyi planlaşdırır. Tədbirə jurnalistlər də dəvətli olacaq.