AZXEBER.COM xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı məlumat yayıb.
Qeyd olunub ki, yeni qaydaların əsas mahiyyəti ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini artırmaq, şagirdlərin diqqətini dərsə yönəltmək və onları rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaqdır.
Qaydalara görə, şagirdlərin dərs və məşğələ müddətində mobil telefon, planşet, ağıllı saat və digər analoji cihazlardan istifadəsi qadağan edilir. Şagirdlər tərəfindən məktəbə gətirilən cihazlar dərs bitənədək söndürülmüş və ya səssiz rejimdə, məktəb rəhbərliyinin müəyyən etdiyi xüsusi yerlərdə saxlanılmalıdır.
Qaydaların pozulması hallarına nəzarət məktəbin daxili intizam qaydaları ilə tənzimlənəcək. Cihazlardan qanunsuz istifadə aşkarlandıqda, 1 iş günü müddətində valideyn (və ya digər qanuni nümayəndə) dərhal məlumatlandırılacaq, şagirdlə fərdi profilaktik söhbət aparılacaq, valideyn məktəbə dəvət olunaraq müəllimlərlə birgə müzakirə təşkil ediləcək və şagird tərbiyəvi tədbirlərə cəlb olunacaq.
Bu qaydalar sadəcə bir "qadağa" mexanizmi deyil. Qaydalarda vurğulanır ki, məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün informasiya təhlükəsizliyi, elektron oyunlar zamanı diqqət yetirilməli olan məqamlar, həmçinin kibertəhlükəsizliyin təmin edilməsi mövzularında mütəmadi maarifləndirmə tədbirləri keçiriləcək.











































