Astara rayonunun Şiyəkəran kəndində Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə müəllimin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkədə video yayılıb.
Sözügedən məktəbin direktoru Heydərov Teymur açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hadisə ötən ilin noyabr ayının 24-də baş verib.
"Hadisə ingilis dili müəllimi Namid Qəhrəmanovun dərsində baş verib. Şagird dərs vaxtı nizam-intizam qaydalarını pozub və müəllimin dərs keçməsinə mane olub. Müəllim şagirdi tənəffüs zamanı yanına çağırıb və bir daha xəbərdarlıq edib. Lakin şagird eyni rəftarı göstərdikdə müəllim səbr edə bilməyib, üstünə çığırıb və sonda əl qaldırıb".
Direktor bildirib ki, hadisəyə görə müəllim və şagird cəzalandırılıblar: "Onların hər ikisinə xəbərdarlıq edilib. Eyni zamanda müəllimə şiddətli töhmət verilib".