Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama
SOSİAL
16:48 31.08.2026
106
Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələnin aktuallığını artırıb.

Belə hadisələrdən biri Bakının Xətai rayonunda, Hüseyn Rəsulbəyov küçəsində baş verib. Ərazidə sahibsiz itin ana və uşağına hücum edib.

Professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında deyib ki, heyvanlar sahibsiz gəzdikdə, onların üzərində müxtəlif parazitlər, bitlər, quduzluq xəstəliyi ola bilər:

"Mənə ötən dəfə bu pişiklərin  yemlənməsi ilə bağlı sual vermişdilər. Mən də cavab vermişdim ki, bu heyvanların küçələrdə sahibsiz gəzməsi düzgün deyil. Bu barədə şərhlərdə o qədər təhqirlər yazılmışdı ki… Guya bu adamlar humanistdir, amma biz isə heyvan düşmənləriyik. Mən bu adamlara başa sala bilmirəm ki, küçədə hansısa bir bit düşmüş itə qida vermək mərhəmət göstərmək deyil və məsələ bununla yekunlaşmır. Heyvanlar sahibsiz gəzdikdə, onların üzərində müxtəlif parazitlər, bitlər, quduzluq xəstəliyi və başqa şeylər ola bilər. Həmin itlər quduz şəkildə insana hücum edib, insana da bunu keçirə bilər. Ümumiyyətlə, istənilən halda küçədə sahibsiz bir it insana hücum edib, ona zərər vurub, dişləyibsə, dəriyə təmas olubsa, mütləq quduzluğa qarşı profilaktik vaksin olunmalıdır”.


O qeyd edib ki, sahibsiz heyvanları kim istəyirsə, aparıb evində saxlasın:

"Ona görə də bu məsələlər öz həllini tapmalıdır. Dünyanın hər yerində heyvan saxlayanlar onu evdə saxlayır. Evdə saxlanılan heyvanların baytarı olur və insan məsuliyyət daşıyır. Onun həkimə və qulluğa ehtiyacı var. 
Bu sahibsiz heyvanları kim istəyirsə, aparıb evində saxlasın. Normalda bu heyvanlar vəhşi təbiətdə olmalıdırlar. Vəhşi təbiətdə onların öz yeri var. Onlar oranın mühüm bir tərkib hissəsidirlər. Heç kimi heyvanların əleyhinə deyil. Amma sahibsiz heyvanların küçədə boş-boş gəzməsi və ətraf üçün təhlükə yaratması ciddi məsələdir. Dünyanın necə bu işə yanaşırsa, biz də o şəkildə davranmalıyıq”.

"Təəssüf olsun ki, bəzi demoqoqlar, mənasız adamlar bu işləri düzgün başa düşmürlər. Hansısa küçədə gəzən heyvana qida verməklə elə bilirlər ki, bunlar da Allah adamıdır. Heyvana məhəbbət tamamilə başqa bir şeydir. Təəssüf olsun ki, bizim insanlar onu başqa cür anlayırlar”,-deyə professor bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR