Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib

Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
SİYASƏT
23:21 01.07.2025
406
"Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ş.Şıxlinskinin oğlu vəkil Mutvalı bildirib.

Onun sözlərinə görə, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həm atasını, həm də özünü saxlayıblar. Daha sonra Mutvalı azad edilib, Şahin Şıxlinski isə dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.

M.Şıxlinski qeyd edib ki, saxlanılmanın səbəbi Yekaterinburqda iki azərbaycanlı qardaş - Səfərovların öldürüldüyü xüsusi əməliyyatla bağlıdır.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Qardaşların meyitləri ölkəyə gətirildikdən sonra Azərbaycanda aparılan ikinci müayinə onların döyüldüyünü, xüsusən də Ziyəddin Səfərovun aldığı çoxsaylı ağır xəsarətlərdən post-travmatik şok nəticəsində dünyasını dəyişdiyini göstərib.
OXŞAR XƏBƏRLƏR