"Şahtaxtinskiyə qarşı bu haqsızlığın aradan qaldırılması çox vacibdir"

"Şahtaxtinskiyə qarşı bu haqsızlığın aradan qaldırılması çox vacibdir"
SİYASƏT
15:22 21.09.2016
1302
AŞPA-nın Sosial İşlər Komitəsinin toplantısında iştirak etmək üçün gəldiyimiz Parisdə iclasdan öncə qatıldığımız tədbirlərdən birində ATƏT-in Azərbaycandakı ofisinə rəhbərliyi dövründə bir çox tədbirlərdə birlikdə çıxış etdiyimiz, dəyərli insan, dost Aleks Şaxtaxtinski ilə qarşılaşdıq və söhbət etdik, geniş fikir mübadiləsi oldu.
Aleks Şaxtaxtinskiyə qarşı ATƏT böyük haqsızlıq etdi. O, ATƏT-in Azərbaycandakı ofisinə ən yaxşı rəhbərlik etmiş savadlı və peşəkar bir diplomat idi. Amma onun ədalətli fəaliyyəti Azərbaycan əlehinə olan bəzi qərb dairələrini qane etmədi və ədalətsiz bir şəkildə onun işindən uzaqlaşdırılmasına nail oldular. Aleks bəyə qarşı bu haqsızlığın aradan qaldırılması çox vacibdir. Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin təmsilçiləriylə görüşündə bu məsələ ilə bağlı çox ciddi fikirlər səsləndirən cənab Prezident məsələnin əsl mahiyyətini açıq şəkildə ifadə etdi və prinsipal mövqeyini bir daha səsləndirdi.
Cənab Prezidentin fikirlərini tamamilə dəstəkləyirik. Bir sıra beynəlxalq təşkilatlar anlamalıdırlar ki, onların Bakıdakı ofislərinin vəzifəsi Azərbaycan əlehinə çalışmaq deyil, Azərbaycanla əməkdaşlıq şəraitində işlər görməkdir. Cənab Prezident Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin təmsilçiləriylə görüşündə belə demişdi: “Burada o da deyilir ki, ATƏT-in Bakıdakı ofisi Azərbaycan hökuməti ilə ATƏT arasındakı anlaşma memorandumuna xitam verməklə əlaqədar Azərbaycan hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda bağlanıb. Bəli, buna xitam verilib, lakin məlumat üçün deyim ki, bunun səbəbi olub. ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu ailəyə Azərbaycanda çox hörmətlə yanaşılır. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər və ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən o, işdən azad olunub. Onun karyerasına son qoyuldu, o, Fransa Xarici İşlər Nazirliyindən çıxarıldı. Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə şəkil çəkdirmək cinayətdirsə biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir".
P.S. Ümid edirik ki Aleks Şaxtaxtinskiyə edilmiş ədalətsizlik aradan qaldırılacaq. Məsələnin maddi tərəflərindən daha çox mənəvi tərəfləri daha çox narahat edir Aleks bəyi. Ona işlərində və həyatında uğurlar diləyirik. Çalışdığı təşkilatda bəzi qüvvələrin təzyiqlərinə ramən ədalətli mövqeyindən vaz keçməyən Aleks bəyə münasibətdə Fransa Xarici İşlər Nairliyinin də addımlar atacağına ümid edirik.
Qənirə Paşayeva, millət vəkili
OXŞAR XƏBƏRLƏR