Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair Xəlil Rza Ulutürkün doğum günüdür.
AZXEBER.COM xəbər verir ki, bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 93 il ötür.
O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olub.
Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Ona babası Xəlil öz adını verib. Xəlil qayğı və nəvazişlə böyüyüb. Yeddi yaşı olanda 2 nömrəli Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü olub. Şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyadıb. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışıb.
Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə "Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin "Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona "Əməkdar incəsənət xadimi” adı verilir. 1991-ci il mayın 6-da şair "Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb.
Vətənini, millətini canından artıq sevən, "Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal” ordeni ilə təltif edilib.
Aysel