Rusiyanın geri çəkildiyi Xerson şəhərinin sakinləri səhər yuxudan duranda gözlənilməz mənzərə ilə qarşılaşıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Ukraynanın ələ keçirdiyi ən böyük şəhərlərdən biri olan Xersondan geri çəkiləcəyini açıqlayıb.
Kreml geri çəkilmək qərarına baxmayaraq, Xersonun hələ də öz torpağı olduğunu açıqlasa da, şəhərdən çəkilmiş bir görüntü sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Sakinlər Rusiyanın geri çəkilmək qərarından sonra bu səhər yuxudan oyananda Antonivski körpüsünün müharibənin əvvəlindən kritik əhəmiyyət kəsb edən bir neçə hissəsinin itdiyini aşkar ediblər.
Rusiyanın "Komsomolskaya Pravda" qəzetinin müxbiri Aleksandr Kots bu gün səhər çökən körpünün başından veriliş apararaq, "Rus qoşunları sol sahilə doğru irəliləyərkən körpü partlamış kimi görünür" deyib.
Kots əlavə edib ki, körpünün o biri tərəfində rus əsgəri qalmayıb.
Xersondan keçməyin yeganə yolu olduğu bilinən körpünün niyə çökməsi ilə bağlı Rusiya və Ukraynadan heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Xerson Dnepr çayının ətəyində, Qara dəniz sahilinə yaxın bir şəhərdir və müharibənin hər iki tərəfi üçün mühüm əhəmiyyət kəsb edir.
Xerson Rusiyanın 2014-cü ildə ilhaq etdiyi və Ukraynanın geri almağa söz verdiyi Krıma çox yaxındır. Buna görə də o, Krımın açarı hesab olunur.
Belarus sərhədindən Qara dənizə qədər uzanan və Xerson bölgəsini nəhəng S şəklində bölən Dnepr çayı müharibədə ən azı Xerson kimi mühüm rola malikdir.
Hərbi analitiklər müharibənin əvvəlindən Dnepr çayına nəzarətin müharibədə əsas rol oynaya biləcəyini deyirlər.
Mikayıl