Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Dr.Vüsal Qasımlı, Xarici siyasət şöbəsinin müdiri Dr.Rövşən İbrahimov və baş elmi işçi Dr.Kamal Makili-Əliyevin Braziliyaya iyunun 17-dən başlayan səfəri davam edir.
İyunun 18-də nümayəndə heyəti Brazliyanın Strateji Məsələlər Nazirliyində Dəyirmi Masa keçiriblər. İlk salamlama nitqində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Braziliya və Azərbaycanın bir sıra sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Dəyirmi Masanın ilk sessiyasında Brazliyanın Strateji Məsələlər Nazirinin müavini Rikardo Paes de Barros Brazilyada orta təbəqənin inkişafı, bərabərsizlik səviyyəsinin azaldılması və gələcək inkişaf perspektivləri barədə çıxış etmişdir. Azərbaycan nümayəndə heyəti adından çıxış edən Dr. Vüsal Qasımlı Azərbaycanda orta sinifin inkişafını BRİCS ölkələri ilə müqayisə etmişdir. Brazliyanın Strateji Məsələlər Nazirliyi öz rəsmi saytında tədbirlə bağlı yerləşdirdi məlumatda V.Qasımlının çıxışından sitat gətirərək Azərbaycanın uğurla neft kapitalını insan kapitalına çevirməsini göstərmişdir.
Dəyirmi Masanın ikinci sessiyasında Braziliya Müdafiə Nazirliyinin Kiber Mərkəzinin direktoru Jose Karlos Dos Santos Brazliyada kibertəhlükəsizlik sahəsində görülən işlər və sahənin idarəedilməsi üzrə praktik təcrübə haqqında məruzə etmişdir. Dr.Kamal Makili-Əliyevin çıxışı isə kibertəhlükəsizlik sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə olmuşdur. Azərbaycan nümayəndə heyəti Brazliyanın Strateji Məsələlər Nazirinin birinci müavini Rocer Leal ilə görüş keçirmiş və Azərbaycan-Braziliya münasibətlərinin inkişaf potensialına dair fikir mübadiləsi etmişlər. Bundan sonra Azərbaycanın nümayəndə heyəti Braziliyanın Müdafiə Nazirliyinin Kiber Müdafiə Mərkəzində olaraq idarəetmənin vəziyyəti ilə tanış olmuşlar.
İyunun 19-da SAM-ın nümayəndə heyəti və səfir Elnur Sultanov Braziliya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professor və müəllim heyətinin qarşısında çıxış edərək onların müxtəlif suallarını cavablandırmışlar. İnstitutun direktoru Eiiti Sato SAM ilə əməkdaşlıq üçün hazır olduqlarını bildirmişdir.
Həmin gün Azərbaycan nümayəndə heyəti Braziliyanın Xarici İşlər Nazirliyində iki ölkə arasında ticarətin artırılması, birgə investisiya layihələri və beynəlxalq məsələlərdə əməkdaşlıq imkanlarını müzakirə etmişlər.
Səfər zamanı SAM-ın nümayəndə heyəti və səfir Elnur Sultanov Braziliyanın Alexandre de Gusmão Fondunun (Funag) prezidenti Jose Vicente De Sa Pimentel ilə görüş keçirmişlər. Pimentel fürsətdən istifadə edərək Braziliyada bu il oktyabrda keçiriləcək beynəlxalq iqtisadi münasibətlərə həsr olunacaq nüfuzlu foruma SAM-dan nümayəndə dəvət etmişdir.
İyunun 20-də SAM Braziliya Beynəlxalq Əlaqələr Mərkəzi (CEBRİ) ilə birgə "Enerji geopolitikası: Azərbaycandan baxış" mövzusunda dəyirmi masa təşkil edib. Salamlama nitqində CEBRİ-nin direktoru Roberto Fendt, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov və SAM-ın şöbə müdiri Vüsal Qasımlı çıxış ediblər. E.Sultanov Brazliyada neft sənayesinin inkişafında Azərbaycanlı mütəxəssis Eyyub Tağıyevin mühüm rol oynadığını qeyd edərək bu gün də əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib. Dr.Rövşən İbrahimov tədbirdə Azərbaycanın enerji siyasəti mövzusunda məruzə ilə çıxış edib.
SAM-ın nümayəndə heyətinin Braziliyaya səfəri davam edir.