'Sammitin Qəbələdə keçirilməsi Azərbaycanın inkişaf göstəricilərindən biridir'

SİYASƏT
14:35 15.08.2013
1366

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TÖƏŞ) Azərbaycanın Qəbələ şəhərində keçirilən üçüncü sammiti dünyada gedən fonoloji proseslərin, qloballaşmanın tərkib hissəsidir”. Millət vəkili, professor Musa Qasımlı SİA-ya açıqlamasında bildirib ki, türkdilli ölkələrin bu kimi toplantıları onların qarşılıqlı əməkdaşlıqlarında mühüm rol oynayır.

Onun sözlərinə görə, regionların əməkdaşlığı dünyada gedən qloballaşma prosesini də zəiflədir: “Bu baxımdan türkdilli dövlətlərin üçüncü sammitinin keçirilməsi yalnız müsbət qiymətləndirilə bilər. Əməkdaşlıq Şurasına daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr mövcuddur. Çünki bizi tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz birləşdirir. Lakin bu, “fantürkizm”, “turançılıq”, “türkçülük” demək deyil. Bu əməkdaşlıq müvafiq qəbul olunmuş hüquq normaları prinsiplərindən yaranıb. Türkdilli dövlətlər arasında əməkdaşlığın geniş perspektivləri var və hesab edirəm ki, bu sammit əməkdaşlıqda yeni bir səhifə açacaq”.

Millət vəkili üçüncü sammitin məhz ölkənin Qəbələ şəhərində keçirilməsi məsələsinə də münasibət bildirib: “Türkdilli ölkələrin dövlət başçılarının görüşünün Qəbələ şəhərində keçirilməsinin ciddi təhlilə ehtiyacı olduğu qənaətindəyəm. Bir vaxtlar hətta Bakı da toplantıların keçirilməsi üçün təşkilati, maddi-texniki baza baxımından çətinliklər çəkirdi. Bu gün Qəbələdə belə bir toplantının keçirilməsi göstərdi ki, Azərbaycanın regionları ən yüksək səviyyəli qonaqları qəbul etməyə hazırdır. Bilirsiniz ki, bir neçə il öncə bu toplantı Naxçıvanda keçirilib. İndi isə Qəbələdə belə bir görüşün keçirilməsi Azərbaycanın inkişaf göstəricilərindən biridir. Açıq şəkildə ifadə etmək lazımdır ki, hazırda bu kimi görüşlər Azərbaycanın istənilən şəhərində və rayonunda keçirilə bilər. Hesab edirəm ki, Azərbaycanın regionlarının inkişafı sammitin gedişində bir daha öz təsdiqini tapacaq”.

OXŞAR XƏBƏRLƏR