Sankt-Peterburq danışıqları: TEXNOLOJİ SƏRHƏD MƏSƏLƏSİ VƏ İLHAM ƏLİYEVİN DİPLOMATİK TEXNOLOGİYALARI

Sankt-Peterburq danışıqları: TEXNOLOJİ SƏRHƏD MƏSƏLƏSİ VƏ İLHAM ƏLİYEVİN DİPLOMATİK TEXNOLOGİYALARI
SİYASƏT
17:08 21.06.2016
1527

Taleh Şahsuvarlı,Tezis.az saytının baş redaktoru

Rusiyanın Sankt-Peterburq şəhərində gerçəkləşən Qarabağ danışıqlarının gərgin olacağı bütün ciddi analitiklər və ekspertlərə bəribaşdan bəlli idi.

Bu ilin aprel ayında strateji "Lələ təpə” yüksəkliyinin işğaldan azad edilməsi, yenidən Azərbaycanın nəzarətə keçməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən intensivləşdirilən danışıqlardan mətbuata sızan bilgilər, o cümlədən Vyana görüşündən sonra Azərbaycan və Ermənistan prezidentlərinin verdiyi açıqlamalardakı ipucları sülh müzakirələrinin real nəticələr gözləməyin əbəs olduğunu açıq ortaya qoyurdu.

Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya yola düşməzdən öncə öz mövqeyini açıq sərgiləmiş, "mənasız danışıqlar”da iştirak etmək həvəsində və niyyətində olmadığını gizlətməmişdi. Bu mesajın diplomatik leksikondan sadə dilə tərcüməsi budur ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə qadirdir və savaşdan çəkinmir: "əgər danışıq və barış tərəfdarısınızsa, zəhmət çəkin Ermənistana təzyiq edin, işğalçı ordusunu Qarabağdan çıxarsın”.

Əlbəttə, Prezident İlham Əliyev Ermənistanın müstəqil olmadığını, Rusiyadan asılılığını kifayət qədər gözəl və hər kəsdən daha yaxşı bilir. Elə Rusiya prezidenti Vladimir Putinin də Peterburq görüşlərində Ermənistan prezidenti Sərkisyana "artıq yetər, çək ordunu” deməyəcəyini, hətta desə də Sərkisyanın işğalçı orduya verəcəyi əmrlə Qarabağın boşaldılacağını kimsə gözləmirdi. Sankt Peterburq görüşləri hər nə qədər Qarabağ savaşında əsas beynəlxalq insiativin- belə deyək- Vladimir Putinə məxsus olduğunu sərgiləməyə yönəlsə də, konfliktin xarici aktyorlarının daha çox olduğu və Ermənistanda Rusiyaya qarşı cəbhə açmağa qadir qüvvələrin mövcudluğu da sirr deyil. Bu qüvvələr heç şübhəsiz Ermənistan ordusunda da var və ən azı xaricidəki erməni diasporlarının yardımı ilə hər zaman İrəvanda dövlət çevrilişi etməyə qadirdilər. Əgər fikir verdinizsə, İrəvanda belə bir hazırlığın aparılması üzə çıxdı və nəticədə "Şuşa”batalyonunun komandiri Jirayr Sefilyan həbs edildi.

Lakin o da artıq gün kimi aydındır ki, Ermənistan prezidenti Serj Sərkisyan məlum aprel döyüşlərindən sonra "qalib tərəf” ədası sərgiləyə bilmir və hər tərəfdən basqı altındadır. İlk növbədə Azərbaycan prezidentinin və Müdafiə nazirliyinin sıx-sıx verdiyi savaş anonslarını Sərkisyan başda olmaqla Ermənistanda heç kim "quru söz”, "hərbi ritorika” saymır. Onlar gördüklərini görüb artıq- "yarılmaz” dedikləri istehkamların bir gecədə necə darmadağın olduğunu yaxşı bilirlər.

Sankt-Peterburq

Digər tərəfdən isə birinci Qarabağ savaşının hərbi cinayətkarlarından və Qarabağ klanının təmsilçilərindən olan Sərkisyanın erməni cəmiyyətinə "gəlin Qarabağı qaytaraq” deməyə üzü, cəsarəti və liderlik potensialı yoxdur. Sərkisyan onsuz da hakimiyyətdən getmək ərəfəsindədir və gah nala, gah da mıxa vurmaqla günü sovmaq, "tarixi məsuliyyət”dən kənarda qalmaq istəyir. Məsələnin prinsipal şəkildə həlli Rusiyanın da marağında olmadığından Putin də onun manevrlərinə əhəmiyyət vermir.

Lakin Rusiyanın və konkret olaraq Vladimir Putinin qarşısında NATO-nun Qaradəniz sularında möhkəmlənməsi təhlükəsi var, bu təhlükə reallaşdıqca Kreml üçün rəsmi Bakının əhəmiyyəti artır. Paralel olaraq İran Ermənistana "süni nəfəs” verməklə "oyundankənar vəziyyət”də olmadığını sərgiləmək istəyir.

Azərbaycan Prezidenti İlham Əliyev Sankt Peterburqa Avropa Qran-Prisi uğrunda təşkil edilən Formula-1 yarışlarından sonra yola düşdü. İlham Əliyev təyyarədə olduğu saatlarda Azərbaycan ordusu iri miqyaslı hərbi təlimlərə başlamış və sözün əsl mənasında Ermənistana göz dağı verirdi. Bu iki məqam dövlət başçısımızın danışıqların keçiriləcəyi "Konstantinov” sarayına verdiyi mesaj idi:

1) "Mən bura bir Avropa ölkəsinin lideri kimi gəlmişəm”;

2) "Sınıq-salxaq Ermənistan ordusundan qorxub-çəkinmirik”.

Başqa sözlə, İlham Əliyev Vladimir Putinin qarşısına müstəqil və öz iradəsi olan bir dövlətin başçısı kimi çıxaraq "real nəticəyə yönəlik fəaliyyət” əzmini ifadə edirdi. Ermənistan Prezidenti Serj Sərkisyanın görüş sonrası verdiyi açıqlamalardan qəti şəkildə bəlli olur ki, dövlət başçımız İrəvanın "insidentlərin araşdırılması mexanizmləri” yaratmaq arzusunu gözündə qoyub.

Nədir bu "insidentlərin araşdırılması mexanizmləri”?

"İnsidentlərin araşdırılması mexanizmləri” o deməkdir ki, ATƏT-in Minsk qrupuna həmsədr ölkələr Qarabağda qoşunların təmas xəttinə xüsusi cihazlar yerləşdirir və həmin texnika vasitəsi ilə atəşin kimin tərəfindən pozulması qeydə alınır.

Başqa sözlə bu o deməkdir ki, Dağlıq Qarabağla Azərbaycan arasına TEXNOLOJİ SƏRHƏD çəkilir. Daha dəqiq desək, güclü və müasir Azərbaycan ordusunun hücum xofu ilə yaşayan ermənilərin "rahat nəfəs” almalarına və danışıqlar imitasiyasını uzada bildikcə uzatmağa imkan yaradılır. Azərbaycan bu şərti qəbul etmədi, etməməlidir, etməyəcək də. Bunun əvəzində canlı müşahidəçi sayının artırılmasına razılıq verdi ki, bu da nəticə etibarı ilə Azərbaycan üçün ciddi məsələ deyil.

Qoşunların təmas xəttində, məsələn, 10 yox, 100 canlı müşahidəçinin olması isə Ermənistanın status-kvonu qorumaq planının pozulmasının qarşısını almır. Odur ki, Ermənistan prezidenti Serj Sərkisyanın İrəvana belinə qumbara bağlanmış vəziyyətdə qayıtdığını söyləyə bilərik.

Mənim proqnozum: o qumbara tezliklə İrəvanda partlayacaq!

OXŞAR XƏBƏRLƏR