İkinci Qarabağ müharibəsinin ən uğurlu nəticələrindən biri də Kəlbəcər rayonunun işğaldan azal edilməsi oldu. 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər 2020-ci il noyabrın 10-da üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış bəyanata əsasən 25 noyabrda Azərbaycana təhvil verildi. Bu münasibətlə Prezident, Ali Baş Komandan İlham Əliyev müraciətində Azərbaycan xalqını ürəkdən təbrik etməklə yanaşı, bildirmişdi ki, Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Ancaq indi Kəlbəcər azaddır və uzun illərin həsrətinə son qoyuldu. Heç şübhə yoxdur ki, işğaldan azad edilmiş digər rayonlarımız kimi, Kəlbəcər də tezliklə Azərbaycanın inkişaf etmiş güşələrindən birinə çevriləcək, erməni vandalizminin izləri ancaq tarixin arxivlərində qalacaq.
Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olub.
Kəlbəcər Ermənistanla sərhəd rayonudur. Şimalda isə Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3 724 m) və Dəlidağda (3 616 m) yerləşir.
"Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala” deməkdir.
Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunmuşdu. Lakin İkinci Qarabağ müharibəsinin başlanmasına qədər həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməmişdi. Sonradan BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü qətnamələri qəbul etmişdi.
Lakin həmin qətnamələr də kağız parçası olaraq masada qalmışdı. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalmışdı. 1994-cü ildə tərəflərin atəşkəs razılaşmasından sonra ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə aparılan sülh danışıqları nəticəsiz yekunlaşmış, yalnız Azərbaycan xalqının böyük dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz erməni işğalına soy qoymuş və qətnamələri yerinə yetirmişdi.
2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Kəlbəcərdə abadlıq-quruculuq işləri sürətlə davam edir. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir. Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda "İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək. Bir sözlə, hazırda Kəlbəcər rayonu yeni inkişaf dövrü yaşayır.
Naftalan şəhər sakini Səbuhi Qasımov