Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi "minasız dünya" məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı 2026-cı il oktyabrın 11-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda davam etdirib.
AZXEBER.COM xəbər verir ki, şəhərin mərkəzində yerləşən Qurtuluş meydanında Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb.
Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli şəkillər yer alıb.
Daha əvvəl Cenevrədə - BMT-nin Avropa ofisinin yerləşdiyi "Millətlər Sarayı" meydanında eyni motivli sərgi təşkil olunmuşdu.
"Gilavar Foto Klubu" Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi "Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər" qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.
















































